«Premium Bank» 2024-cü ilin 2-ci rübünün yekunları üzrə maliyyə vəziyyətini açıqlayıb.
«Premium bank»da hər 100 manat əmanətin 88 manatı səhmdarın öz pullarıdır - RƏQƏMLƏR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yarım ilində bank kiçilməkdə davam edib, xüsusilə bankdakı depozitlər yenidən azalıb.
6 ayda 40 milyon manat «kiçilib»
Hesabat dövründə «Premium bank»ın aktivləri ilin əvvəlindən bəri 40 milyon manata yaxın azalaraq 647 milyon manata enib.
«Premium Bank»ın kreditlərinin böyük hissəsi – CƏMİ 4 ŞİRKƏTƏ VERİLİB
Qeyd edək ki, ilin əvvəlində bankın aktivləri 685,1 milyon manat idi, 1-ci rübün sonunda bu rəqəm 674,4 milyon manata, 2-ci rübün sonunda isə 647 milyon manata enib.
Biznes kreditlər azalır, istehlak kreditəri artır
Hesabat dövrünün sonuna bankın kredit portfeli 471,8 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə, bankın kredit portfeli demək olar dəyişməyib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1-ci rübün sonunda kreditlər bir qədər artaraq 478 milyon manata yüksəlmişdi, 2-ci rübdə yenidən azalma başlayıb.
Kredit portfelinin azalması əsasən biznes kreditləri ilə bağlıdır, ilin əvvəlində «Premium bank»ın biznes kredit portfeli 385 milyon manat olduğu halda indi bu rəqəm 675 milyon manata enib. Bu azalmanı istehlak və ipoteka kreditlərinin artımı kompensasiya edib.
Nağd vəsaitlər 50 milyon manata yaxın azalıb
Əvəzində bankdakı nağd vəsaitlər 50 milyon manat azalaraq 207 milyon manatdan 158 milyon manata enib. «Premium bank» bu vəsaitlərin 10 milyon manatını başqa banklarda depozit qoymağa yönəldib.
Depozit portfelində xoşagəlməz azalma
Xoşagəlməz dəyişiklik bankın öhdəlikləri, xüsusilə də depozit portfeli ilə bağlıdir. 2024-cü ilin ilk yarım ilinin sonuna bankın öhdəlikləri daha 34 milyon manat azalaraq 507 milyon manatdan 473 milyon manata enib. Təkcə son 3 ayda öhdəliklər 22 milyon manat azalıb.
Bu dövrdə bankın depozit portfeli də eyni trayektoriyanı təkrarlayıb. 2024-cü ilin əvvəlində bankın depozit portfeli 427 milyon manata yaxın olduğu halda, hazırda bu məbləğ təqribən 39 milyon manat və ya 9,1% aşağı düşərək 388 milyon manata enib.
Depozit portfelinin tərkibində ən çox azalma şirkət və sahibkarların yatırdığı depozitlərdə qeydə alınıb – ilin əvvəlində 96 milyon manat olan bu vəsaitlər, hazırda 64,3 milyon manat ətrafındadır – bu təqribən 33% azalma deməkdir.
Kapitalda da azalma baş verib
Əvəzində «Premium bank»ın Mərkəzi Banka borcu təqribən 4 milyon manat artaraq 71,6 milyon manata yüksəlib.
Bu dəyişikliklər «Premium bank»ın indiyədək möhkəmliyi ilə seçilən kapitalına da təsir etməyə başlayıb – ilin əvvəlindən indiyədək bankın cəmi kapitalı 3 milyon manat azalaraq 177,3 milyon manatdan 174,2 milyon manata düşüb.
Azalma bölüşdürülməmiş mənfəət hesabına baş verib - bu məbləğ 2,5 milyon manat azalaraq 10,2 milyon manata enib.
5,7 milyon manat mənfəət açıqlayıb
2024-cü ilin ilk yarısında «Premium bank»ın faiz gəlirləri 16 milyon manat, faiz xərcləri 5,8 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri dəyişməyib, xərcləri isə 626 min manat və ya 12% artıb.
Bankın qeyri-faiz gəlirləri 800 min manat və ya 9% azalıb. Haqq və komissiya gəlirləri 9,5% azalaraq 6 milyon manata enib.
Qeyri-faiz xərclərində isə 2 milyon manatdan artıq azalma baş verib, bankda əmək haqları və inzibati xərclər azalmayıb, azalma digər xərclərin hesabına baş verib.
Nəticədə «Premium bank» 2024-cü ilin yarım ilini 5 milyon 673 min manat xalis mənfəətlə bağlayıb.