Azərbaycanın bank sektorunun özünə məxsus iştirakçılarından biri, son dövrlər tədricən kiçilsə də, hələ də ilk 15-likdə yerini qoruyub saxlayan «Premium Bank»ın kredit və əmanət-depozit portfelləri ilə bağlı maraqlı rəqəmlər məlum olub.
«Premium Bank»ın kreditlərinin böyük hissəsi – CƏMİ 4 ŞİRKƏTƏ VERİLİB
FED.az xəbər verir ki, 2023-cü ildə «Premium Bank»ın kredit portfeli 474 milyon manat, yaradılmış 24 milyon manatlıq ehtiyatları çıxdıqdan sonra isə 450 milyon manat təşkil edib.
2022-ci ilin sonunda bu məbləğlər müvafiq olaraq 438 milyon manat və 411 milyon manat oluşdu, yəni ümumi kredit portfeli 438 milyon manat, ehtiyatları çıxandan sonra xalis kreditlər 411 milyon manat.
Gözlənildiyi kimi, «Premium bank»ın kredit portfelinin böyük hissəsi korporativ kreditlərin, daha az hissəsi fiziki şəxslərə verilən kreditlərin payına düşür.
2023-cü ildə bankdakı ümumi kredit portfelindən 385 milyon manat korporativ, yəni şirkət kreditləri, 89 milyon manat isə fiziki şəxs kreditləri olub.
2022-ci ildə bu məğləğlər müvafiq olaraq – şirkətlər üzrə 397 milyon manat, fiziki şəxslər üçü isə 41 milyon manat olmuşdu – fiziki şəxslərə kreditlərin artımı ipoteka kreditlərinin portfelinin kəskin artımı ilə bağlıdır. Bunun da səbəbi fəaliyyətini dayandırmış «Muğan bank»ın 34 milyon manatlıq ipoteka krediti portfelinin «Premium bank»a ötürülməsidir. Bir də son vaxtlar «Premium Bank» özünü ehtiyatla yeni bazarda – istehlak kreditləri sektorunda yoxlayır və bir ildə istehlak krediti portfeli 10 milyon manata yaxın artaraq ü22 milyon manata çatıb.
«Premium Bank»ın ümumi kredit portfelinin 363 milyon manatı, yəni bütün kreditlərin 76 faizi nəqliyyat və rabitə sektoruna ayrılıb. Ötən il bu məbləğ 377 milyon manat, onun ümumi kreditlərdə payı isə 86% idi.
Yeri gəlmişkən, «Premium Bank»ın kredit portfelində ciddi təmərküzləşmə var, bu barədə daha ətraflı buradan oxumaq olar.
Amma ən maraqlı vəziyyət «Premium Bank»ın depozit-əmanət portfeli ilə bağlıdır. Bankın açıqladığı rəqəmlərə görə, 2023-cü ildə «Premium Bank»ın depozit portfeli – əmanət və şirkət depozitləri ümumilikdə – 425 milyon manat olub, 2022-ci illə müqayisədə bu məbləğ azalmaqdadır, əvvəlki ilə əmaət-depozit portfeli 461 milyon manat idi.
Bankdakı depozitlərin 253,1 milyon manatı müddətli depozitlər, 171,4 milyon manat isə cari hesablardakı pullardır
2022-ci ildə isə müddətli depozitlər 251,4 milyon manat, cari hesablardakı pullar isə 208,8 milyon manat olmuşdu. Yəni son bir ildə cari hesablardakı pullar 37 milyon manat azalıb.
Depozitlərin sektorlar üzrə bölgüsünə gəlincə, fiziki şəxslərin payına dühən depozitlər 331,5 milyon manatdır. Nəqliyyat və kommnikasiya 81,2 milyon manat təkil editr. 2022-ci ildə bu məbləğlər 339 milyon və 111 milyon manat olmuşdu.
2023-cü ildə «Premium bank»dakı depozitlərin 260 milyon manatı və ya ümumi depozitlərn 61%-i bankla əlaqəli tərəflərin payına düşüb. Əlaqəli tərəf deyəndə ilk növbədə səhmdarlar, idarə heyəti və sair formada bankla əlaqəsi olan şəxslər nəzərdə tutulur.
Depozitlərin 257,5 milyon manatı və ya 60%-i sırf səhmdarların payına düşüb.
Belə ki, bankdakı müddətli əmanətlərn 224 milyon manatı (bütün müddətli deozitlərin 88%-i), cari hesablardakı pulların isə 33,5 milyon manatı (cari hesablardakı bütün pulların 20%-i) səhmdarların payına düşüb.
«Premium bank»da 2022-ci ildə də təqribən eyni vəziyyət olub – həmin il bankın bütün depozitlərin 56%-i səhmdarların adına olub.
Belə ki, müddətli əmanətlərin 219,3 milyon manatı (və ya 87%-i), cari hesablardakı pulların isə 38,6 milyon manatı (cari hesablardakı bütün vəsaitlərin 18,5%-i) səhmdarların pulları olub.