“Premium Bank” ASC cari ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 23 milyon 998 min, xərcləri isə 7 milyon 827 min manat olub. Gəlirlər illik müqayisədə 1 milyon 64 min manat (4,6%), xərclər isə 391 min manat (5,3%) artıb.
Beləliklə, bankın xalis faiz gəlirləri 16 milyon 171 min manat olub ki, bu göstərici də son bir ildə 674 min manat (4,3%) artım deməkdir.
Bankın qeyri-faiz gəlirləri 13 milyon 668 min manat, xərcləri isə 23 milyon 489 min manat olub. Gəlirlər 755 min manat (5,8%), xərclər isə 2 milyon 802 min manat (13,5%) artıb.
Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 4 milyon 675 min manat (7,7% çox) , ümumi inzibati xərcləri 3 milyon 091 min manat (13,4% çox), amortizasiya xərcləri 847 min manat (22,8% çox), digər xərcləri isə 14 milyon 876 min manat (15,1% çox) təşkil edib.
Bununla da “Premium Bank” ASC 3-cü rübü 7 milyon 881 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 869 min manat (96,4%) çoxdur.
Cari ilin üçüncü rübündə “Premium Bank” ASC bir qədər də kiçilib. Belə ki, bankın aktivləri ötən ilin sonuna nibətən 14 milyon 846 min manat və ya 2,1% azalıb və 677 milyon 356 min manat təşkil edib.
Bunun da 204 milyon 269 min manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər təşkil edib. Bu vəsaitlərdə də 8 milyon 469 min manat (4%) azalma qeydə alınıb.
Bankın kredit portfelində azalma qeydə alınıb. Belə ki, cari ildə “Premium Bank” müştərilərinə 433 milyon 26 min manat kredit verib. Lakin kreditlərin həcmində də son doqquz ayla müqayisədə 3 milyon 942 min manat 0,9%-lik azalma müşahidə olunub.
Kredit portfelinin 9 milyon 413 min manatı istehlak, 388 milyon 636 min manatı biznes, 34 milyon 977 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
Ötən ili sonu ilə müqayisədə istehlak kreditləri 3 milyon 420 min manat (57,1%), daşınmaz əmlak kreditləri 2 milyon 371 min manat (7,3%) artıb, biznes kreditləri isə 9 milyon 733 min manat (2,4%) azalıb.
Bank öhdəliklərini 12 milyon 925 min manat (2,5%) azaldaraq 496 milyon 713 min manata endirib.
Öhdəliklərin də 451 milyon 299 min manatını depozit portfelinin payına düşüb. Depozit portfeli son doqquz ayda 15 milyon 191 min manat, yəni 3,3% azalıb.
Depozit portfelinin 336 milyon 608 min manatını fiziki şəxslərin, 114 milyon 691 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin əmanətlərində 4 milyon 55 min manatlıq (1,2%), şirkətlərin əmanətlərində isə 11 milyon 136 min manatlıq (8,9%) azalma qeydə alınıb.
Hesabat dövründə bank 180 milyon 643 min manatlıq kapitala malik olub ki, bu göstərici də ötən ilin sonuna nisbətən 1 milyon 921 min manat (1,1%) azalıb.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi də 120 min manat (0,8%) azalaraq 15 milyon 375 min manata düşüb.