Ölkənin ən byöük özəl banklarından olan «Paşa Bank» 2019-cu ilin 3-cü rübünün yekunlarına görə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 146,4 milyon manat, faiz xərcləri 28,5 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 17,8%, faiz xərcləri isə 4,6% artıb.
Eləcə də bax: “PAŞA Bank" maliyyə göstəricilərini - AÇIQLAYIB
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 51,8 milyon manat, qeyri-faiz xərcləri isə 78,6 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın qeyri-faiz gəlirləri təqribən 30 milyon manat və ya 2,3 dəfə yüksəlib. Qeyri-faiz xərclərində isə 21,3 milyon manat və ya 37,2% artım olub.
Nəticədə bank 3-cü rübü 88,8 milyon manatlıq əməliyyat mənfəəti ilə başa vurub.
Bunun 13,1 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 11,1 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə bank ilk 3 rübü 64,6 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəəti 14,2 milyon manat və ya 28% artıb.
Bu dövrdə bankın aktivləri 51 milyon manat və ya 1,2% artaraq 4 milyard 383,3 milyon manata yüksəlib.
3-cü rübün nəticələrinə görə, «Paşa Bank»ın müştərilərə verdiyi kreditlər 498 milyon manat və ya 43% artaraq 1 milyard 637,1 milyon manata çatıb.
Əvəzində «Paşa Bank»da depozitlər azalıb. 3-cü rübün yekunlarına görə, bankda 3 milyard 311,6 milyon manat depozit var. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 312 milyon manat və ya 8,6% azdır.
«Paşa Bank» 2019-cu il ərzində cəmi kapitalını artırıb və 3-cü rübün sonunda bu göstərici 469,1 milyon manatı keçib. Son bir ildə artım 77,7 milyon manat və ya 20% artıqdır.