Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank»ın Gürcüstan törəməsi - «Paşa Bank Gürcüstan» 2020-ci ilin ilk yarısını zərərlə başa vurub.
Eləcə də bax: «Paşa Holdinq» bank və sığorta sektorundan - 262 MİLYON MANAT QAZANIB
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk yarısında bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artaraq 15 milyon 994 min lari (5 milyon 118 min dollar) təşkil edib.
İlk yarım ildə bankın faiz xərcləri 95% və ya təqribən 2 dəfə artaraq 7 milyon 769 min lari (2 milyon 486 min dollar) təşkil edib.
Nəticədə bu dövrdə bankın xalis faiz gəliri 6% azalaraq 8 milyon 225 min lari (2 milyon 632 min dollar) olub.
Hesabat dövründə bankın qeyri faiz gəlirləri 2,1 dəfə artaraq 3 milyon 244 min lari (1 milyon 38 min dollar) olub. Qeyri faiz gərcləri isə 29% artaraq 15 milyon 675 min lari (5 milyon 16 min dollar) təşkil edib.
Nəticədə bankın əməliyyat zərəri (yəni ehtiyatların yaradılmasından əvvəlki zərəri) 4 milyon 206 min lari (1 milyon 346 min dollar) olub. Bu ötən ilin eyni dövründəki əməliyyat zərərindən 2,2 dəfə artıqdır.
Problemli borclar və aktivlərin mümkün dəyərsizləşməsi üçün bank ümumilikdə 12 milyon 496 min lari (3 milyon 998 min dollar) ehtiyat ayırıb. Qeyd edək ki, «Paşa Bank Gürcüstan» ötən il bu məqsədlər üçün cəmi 1 milyon 655 min lari (529 min dollar), yəni 7,6 dəfə az ehtiyat ayırmışdı.
Nəticədə ilk yarım ildə bankın xalis zərəri 16 milyon 662 min lari (5 milyon 332 min dollar) təşkil edib. Bu ötənilki zərərdən 4,74 dəfə artıqdır.
Birinci yarım ilin sonunda «Paşa Bank Gürcüstan»ın aktivləri ilin əvvəli ilə müqayisədə 17% artaraq 485 milyon 40 min lari (155 milyon 213 min dollar) olub.
Bu dövrdə bankın xalis kredit portfeli 23,1% artaraq 285 milyon 683 min lari (91 milyon 418 min dollar) təşkil edib.
Bankın öhdəlikləri isə 29% artaraq 402 milyon 490 min lari (128 milyon 797 min dollar) təşkil edib.
Bu dövrdə bankdakı müddətli depozitlər 90% və ya 1,9 dəfə artaraq 144 milyorn lari (46 milyon dollar) təşkil edib.
Nəticədə bankın cəmi kapitalı 20% azalaraq 82 milyon 549 min lari (26 milyon 417 min dollar) olub.