Ötən il kredit risklərinin səviyyəsində azalma müşahidə edilib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
2023-cü il ərzində qeyri-işlək portfelin həcmi 16.5% (121 mln. manat) azalaraq 0.6 mlrd. təşkil edib. Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 1.1 f.b. azalaraq 2.6% olub. QİK portfelində azalmanın əsas səbəbi ödəmə qabiliyyətini itirmiş iki bankın sistemdən kənarlaşdırılması və problemli kreditlərin balansdan silinməsi ilə əlaqədar olub. Hesabat ili ərzində bank sektoru üzrə 125 mln. manat məbləğində silinmə baş verib.
QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. Belə ki, 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.5 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enib
Biznes portfeli üzrə qeyri-işlək kreditlər azalmaqda davam edir. Ötən il ərzində biznes portfeli üzrə QİK-nin həcmi 25% azalaraq 378 mln. manat təşkil edib. Dövr ərzində biznes kreditləri üzrə QİK əmsalı isə 1.7 f.b. azalaraq 3% olub. Biznes kreditləri üzrə QİK-nin azalmasının əsas səbəbi ödəmə qabiliyyətini itirmiş 2 bankın sistemdən kənarlaşdırılması və silinmələr ilə bağlıdır. İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2023-cü il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 6% (12 mln. manat) artaraq 197 mln. manat olub. Buna baxmayaraq, istehlak kreditlərinin artım tempi QİK üzrə artım tempini üstələdiyindən QİK əmsalı 0.4 f.b. azalaraq 2.8%-ə enmişdir. Qeyd edək ki, istehlak və ipoteka portfelinin 47%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilib.
İpoteka portfeli üzrə qeyri-işlək kreditlərin həcmində azalma trendi davam edir. 2023-cü il ərzində ipoteka portfeli üzrə QİK-nin həcmi 8.3% (3.6 mln. manat) azalaraq 39 mln. manat təşkil edib. Nəticədə, qeyri-işlək kreditlərin portfeldə payı 0.3 f.b azalaraq 1.1% olub. İpoteka portfelinin 56%-ni (2 mlrd. manat) təşkil edən AİKZF-in vəsaitləri hesabına verilmiş kreditlər üzrə isə QİK əmsalı cəmi 0.3% təşkil edib.