Ötən il bank sektorunun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində əhəmiyyətli dəyişiklik olmasa da, fiziki şəxslərin depozitlərində yüksək artım müşahidə edilib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliliyi hesabatına istinadən xəbər verir.
Hesabat ili ərzində hüquqi şəxslərin depozitləri 1.4% (311 mln. manat) azalaraq 22 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 9.6% (1.1 mlrd. manat) artaraq 12.6 mlrd. manat təşkil edib.
Nəticədə 2023-cü ilin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 2.8 f.b. azalaraq 51%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 1.5 f.b. artaraq 29% olub. Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi müddətli depozitlərin artımı hesabına baş verib.
Hüquqi şəxslərin tələbli depozitlərinin müddətli depozitlərə keçməsi bank sektorunun uzunmüddətli aktiv generasiyası imkanlarını artırır. İl ərzində hüquqi şəxslərin tələbli depozitləri 11.3% (2.2 mlrd. manat) azalaraq 17.5 mlrd. manat olub, hüquqi şəxslərin müddətli depozitləri isə 75% (1.9 mlrd. manat) artaraq 4.5 mlrd. manat təşkil edib. Qeyd edək ki, hüquqi şəxslərin tələbli depozitlərinin yüksək dəyişkənliyi fonunda il ərzində müddətli depozitlərin stabil artımı müşahidə edilir. Nəticədə cəmi depozit portfelində müddətli depozitlərin payı 26%-dən 33%-ə yüksəlib