Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsində müşahidə edilən artım tendensiyası azalmağa başlayıb.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliliyi hesabatına istinadən xəbər verir.
Beynəlxalq təcrübədə geniş istifadə olunan HHI2 indeksi ötən illərdə aktiv və depozitlər üzrə təmərküzləşmədə artım göstərsə də, ötən ildə qeyd edilən göstəricilər üzrə indeksin azalması bank sektorunda təmərküzləşmənin azaldığını göstərir. Belə ki, 2023-cü ilin sonuna olan göstəricilərə əsasən bank sektorunda aktivlər və depozitlər üzrə təmərküzləşmə müvafiq olaraq 1504 və 1589 olmuşdur. Kreditlər üzrə HHİ indeksi üzrə isə artım müşahidə edilsə də, göstəricinin 1500-dən aşağı olması sektorda kreditlər üzrə təmərküzləşmənin aşağı olduğunu göstərir.
Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası 2023-cü ildə təmərküzləşmənin azalmasını göstərir. Belə ki, 2022-ci il ilə müqayisədə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 2 f.b. azalaraq 63%, depozit portfeli üzrə bazar payı 4 f.b. azalaraq 66%, kredit portfeli üzrə bazar payı isə 4 f.b. artaraq 52% olmuşdur. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.