Ötən il bank sektorunun kreditləşmə fəaliyyətində aktivlik davam edib. 2023-cü il ərzində iqtisadi aktivliyin illik artım tempinin zəifləməsinə baxmayaraq ( ÜDM-in illik artım tempi +1.1%), bank sisteminin kredit portfeli 18.3% (3.6 mlrd. manat) artaraq 23.2 mlrd. manat olub.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Kreditləşmənin bütün seqmentləri üzrə müsbət dinamika müşahidə edilir.
Belə ki, istehlak kreditləşməsi üzrə requlyativ çərçivənin sərtləşdirilməsi nəticəsində portfelin artım dinamikasında azalma meylləri nəzərə çarpsa da, portfelin artım dinamikası hələ də kifayət qədər yüksəkdir (tənzimləyici çərçivəyə dəyişikliklərdən öncə istehlak portfeli üzrə illik artım tempi 32% olub, hazırda isə 20.6% təşkil edir). Biznes kreditləri üzrə artım tempi ilin ikinci yarısı sürətlənib (16.2%). İpoteka portfelinin artım tempi ilin sonuna doğru azalsa da, portfelin illik artım tempi 21.6% olub.
2023-cü ildə biznes kreditləri 1,762 mln. manat artaraq 12.6 mlrd. manat təşkil edib. Hesabat dövrü ərzində ipoteka portfeli 644 mln. manat artaraq 3.6 mlrd. manata çatıb. İpoteka kredit portfeli üzrə artımın 47%-i (301 mln. manat) dövlət vəsaiti hesabına verilən kreditlər, 53%-i (343 mln. manat) isə bankların daxili vəsaiti hesabına formalaşıb. Dövr ərzində istehlak kreditləri portfeli isə 1,182 mln. manat artaraq 6.9 mlrd. manat təşkil edib.