Ölkənin ən iri bankı olan ABB 2024-cü ilin ilk rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. ABB cari ilin ilk rübünü 80 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu illik müqayisədə 205 min manat və ya 0,3% çoxdur.
Bankın faiz gəlirləri 209,5 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 146,7 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 30,1 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 17,4 milyon manat və ya 9%, kreditlərdən əldə olunan gəlirlər 38,6 milyon manat və ya 36%, artıb.
Bankın faiz xərcləri isə 43,4 milyon manat olub ki, bu da son bir ildə 9,9 milyon manat və ya 30% çoxdur.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 163,8 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 7,8 milyon manat (5%) artım deməkdir.
ABB-nin qeyri faiz gəlirləri 67,6 milyon manat, xərcləri isə 96,6 milyon manat olub. Gəlirlər 2023-ci ilin I rübü ilə müqayisədə 29,3 milyon manat (77%), xərclər isə 26,3 milyon manat (37%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 55,2 milyon manatı haqq və komissiya gəlirlərinin, 12,3 milyon manatı xarici valyutadan gəlirlər təşkil edib.
Xərclərin də 38,1 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 6,7 milyon manatı inzibati xərclərin, 6,9 milyon manatı amortizasiya xərclərinin, 44,8 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 6,3 milyon manat (20%), ümumi və inzibati xərclər 1,3 milyon manat (24%), digər xərclər isə 19,5 milyon manat (77%) artıb.
2023-cü ilin sonunda ABB 13 milyard 189,3 milyon manat aktivlərə malik olub.
Aktivlərin 3 milyard 582 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 291 milyon manatını ticarət və qiymətli kağızlar. 5 milyard 341 milyon manatını isə kredit portfeli təşkil edib.
Belə ki, ABB-nin cəmi kredit portfeli 2024-cü ilin ilk rübündə 2023-ci ilin sonu ilə müqayisədə 292,7 milyon manat və ya 6% artıb. O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 119 milyon 715 min manat (9%) artaraq 1 milyard 489 milyon 836 min manata, biznes kreditləri portfeli 132 milyon 858 min manat və ya 5% artaraq 2 milyard 637 milyon 473 min manata, ipoteka kreditləri portfeli 40 milyon 150 min manat və ya 3% artaraq 1 milyard 214 milyon 186 min manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 11 milyard 297 milyon manat olub.
ABB-nin depozit portfeli 9 milyard 490 milyon 180 min manat təşkil edib ki, onun da 2 milyard 82 milyon 987 min manatı fiziki şəxslərin, 7 milyard 407 milyon 192 min manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 94 milyon manat (1%), hüquqi şəxslərin əmanətləri son bir ildə 165,2 milyon manat (2%) böyüyüb.
ABB-nin kapitalı 82,2 milyon manat (5%) artaraq 1 milyard 892,4 milyon manata, bölüşdürülməmiş mənfəəti də 80,6 milyon manat (21%) artaraq 457 milyon 461 min manata çatıb.