“Naxçıvanbank” ASC-nin rəhbərliyində bir sıra mühüm təyinatlar baş tutub. Müşahidə Şurası və Audit Komitəsinin üzvləri tam dəyişdirilmiş, İdarə Heyətinə isə yeni üzvlər seçilmişdir.
Eləcə də bax: Azərbaycanda bank sədri dəyişdi – TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanın yeganə regional bankının Müşahidə Şurasına Əsədulla İsgəndərov Fikrət oğlu sədr, Baharxanım Talıbova Vasif qızı və Mahmudov Rifat Nazim oğlu üzv təyin edilmişlər.
Buna qədər isə regional bankın Müşahidə Şurasına Kazımov Vasif Əli oğlu sədrlik etməklə, Babayev Əlidadaş Adil oğlu və Mircavadova Xuraman Abbas qızı isə üzvlər idilər.
“Naxçıvanbank”ın İdarə Heyətinə də yeni üzvlər seçilib. Belə ki, Xəlilov Rafiq Natiq oğlu və Həsənli Murad Nəcəf oğlu üzv təyin edilmişlər. Qeyd edək ki, hazırda bankın İdarə Heyətinə İsayev İsa Bünyad oğlu müvəqqəti sədirlik edir.
Bankın hesabatlarına nəzarət edən orqan – Audit Komitəsindəki üzvlər də dəyişib. Cahidzadə Naim Etibar oğlu sədr, Abuzərli Anar Ramazan oğlu və Cəfərli Rəcəb Cəmaləddin oğlu isə üzv təyin edilmişlər.
Bundan öncə, sədr kimi Rzayev İsmayıl Mirzalı oğlu, üzv kimi isə Zeynəlov Əkbər Elbəyi oğlu və Əliyev Əli Museyib oğlu idi.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb və ölkənin yeganə regional bankıdır. Bankın 2021-ci ilin ilk üç rübü üzrə maliyyə nəticələrini yaxşılaşdırmışdı. Belə ki, oktyabrın 1-nə “NaxçıvanBank”ın aktivləri 205 milyon 708 min manat olub. Bank bu ilin ilk rübünü 5 milyon 924 min manat mənfəətlə başa vurub.