"PAŞA Bank" ASC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, bank 2024-cü ili 210,5 milyon manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəət 2024-cü ildə 2023-cü illə müqayisədə 11,3 milyon manat və ya 5,7% artıb. Bank 2023-cü ili 199,2 milyon manat xalis mənfəət ilə yekunlaşdırmışdı.
Hesabat dövründə bank 478 milyon manat faiz gəliri əldə edib. Bunun da 265,2 milyon manatı müşərilərə verilmiş kreditlərdən 126,5 milyon manatı ticarət və qiymətli investisiya kağızlarından əldə edilib.
Müşərilərə verilmiş kreditlərdən əldə edilmiş faiz gəlirləri 39,1 milyon manat (17,3%), manatı ticarət və qiymətli investisiya kağızlarından əldə edilmiş faiz gəlirləri 1,9 milyon manat (1,5%) artıb.
Faiz xərcləri 60,2 milyon manat (98%) artaraq 121,4 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 105,2 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 57,8 milyon manat və ya 2,2 dəfə çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri xərclərin illik müqayisədə artımı fonunda 356,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 17,8 milyon manat və ya 5% azdır.
Bankın qeyri-faiz gəlirləri isə 29,9 milyon manat və ya 14% artaraq 251,2 milyon manata yüksəlib.
Qeyri faiz gəlirlərinin 163,6 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 40,1 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 48 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 21,7 milyon manat (15%) artıb, xarici valyutadan gəlirlər 0,4 milyon manat (1%) azalıb, digər gəlirlər 4,3 milyon manat (10%) artıb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri 345,7 milyon manata bərabər olub. Bu da ötən ilin IV rübü ilə müqayisədə 42,1 milyon manat, başqa sözlə 14% çoxdur.
Əmək haqqı xərcləri 14,3 milyon manat (16%) artaraq 101,5 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 122 milyon manata yaxın olub ki, bu da son bir il ərzində 15,5 milyon manat və ya 15% artım baş verib.
Amortizasiya xərcləri 1,4 milyon manat (4%) artaraq 37,5 milyon manata, digər xərcləri isə 10,9 milyon manat (15%) artaraq 84,7 milyon manata yüksəlib.
Bank bu dövrdə 262,4 milyon manat əməliyyat mənfəəti əldə etsə də bu göstərici əvvəlki ilin eyni dövründən 30 milyon (10%) aşağıdır.
"Paşa Bank" 2024-cü ilin IV rübündə 8 milyard 220 milyon manat aktivlərə malik olub. Ötən ilin sonu ilə müqayisədə aktivlər 431 milyon manat (5%) kiçilib. Bankın qiymətli kağızlara yatırımları da 164 milyon (8%) azalaraq 1 milyard 849 milyon manata düşüb
Hesabat dövründə "Paşa Bank" 3 milyard 303 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 468 milyon manat (16,5%) böyüyüb.
Onun da 90,4 milyon manatını istehlak, 3 milyard 3 milyon manatını biznes kreditləri, 209,8 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 4,8 milyon manat (6%), biznes kreditləri 409 milyon manat (16%), ipoteka kreditləri 54,4 milyon manat (35%) böyüyüb.
Müştərilərin əmanətlərini geri götürür...
Bankın öhdəlikləri 7 milyard 313 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 501 milyon manat, başqa sözlə 6% azdır.
Depozit portfelinin həcmi 6 milyard 410 milyon manat olub ki, onun da 1 milyard 888 milyon manatı fiziki, 4 milyard 522 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 525 milyon manat (8%), şirkətlərinin depozitlərində isə 779 milyon manat (15%) azalma , fiziki şəxslərin əmanətlərində 254 milyon manat (16%) artım baş verib.
Balans kapitalı 69,7 milyon manat və ya 8% artaraq 906,9 milyon manata yaxınlaşıb.