Azərbaycanın yeganə regional bankı olan «Naxçıvanbank» 2023-cü ilin 1-ci rübündə kiçilib. Bankın aktivləri və öhdəlikləri azalıb, müştəriləri buradakı pullarının bir hissəsini çıxarıblar.
«Naxçıvanbank»ın balans hesabatı_1-ci rüb_2023
«Naxçıvanbank»ın mənfəət-zərər hesabatı_1-ci rüb_2023
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın aktivləri 33 milyon manat və ya 10% azalıb. Nəticədə 2022-ci ilin sonunda bankın aktivləri 346 milyon manat olduğu halda, 1-ci rübün sonuna bu rəqəm 313 milyon manata enib.
Bu dövrdə bankın kredit portfeli demək olar artmayıb, əvəzində qiymətli kağızlara yatırılan vəsaitlər 23 milyon manat və ya 28% azalaraq 82 milyon manatdan 59 milyon manata enib.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Amma ən ciddi dəyişiklik bankın öhdəlikləri və depozit portfeli ilə baş verib.
1-ci rübdə bankın öhdəlikləri 36 milyon manat və ya 15% azalıb. Nəticədə «Naxçıvanbank»ın ümumi öhdəlikləri 2022-ci ilin sonunda 234 milyon manat olduğu halda, 2023-cü ilin 1-ci rübündə 198 milyon manata enib.
Hesabat dövründə bankın depozit portfeli bir qədər boşalıb. Müştərilərin bir hissəsi bankdakı pullarını geri götürüblər.
Belə ki, depozit portfeli 43 milyon manat və ya 28% aşağı düşüb. Nəticədə 2022-ci ilin sonunda bankda 146 milyon manat depozit vardısa, 2023-cü ilin 1-ci rübünün sonunda bu rəqəm 112 milyon manata düşüb.
Bu dövrdə bankda fiziki şəxslərin depozitləri 35% azalaraq 10,4 milyon manatdan 6,7 milyon manata enib.
Şirkətlərin bankdakı depozitləri isə 41 milyon manat və ya 28% azalaraq 145 milyon manatdan 103 milyon manata enib.
Bank 2023-cü ilin 1-ci rübünü 5 milyon 057 min manat xalis mənfəətlə tamamlayıb.
Bununla yanaşı, qeyd edək ki, Azərbaycanın yeganə regional bankı üçün çətin dövrlər başlayıb. İndiyədək Naxçıvan Muxtar Respublikasında demək olar ki, rəqibsiz fəaliyyət göstərən «Naxçıvanbank» bundan sonra ciddi rəqabət şəraitində işləməli olacaq.
Artıq ölkə biznesinin Muxtar Respublikaya sürətli axını fonunda digər banklar da burada filiallarını yaratmağa və uğurla fəaliyyət göstərməyə başlayıblar.
Nəticədə indiyədək bir bankla işləməli olan yerli şirkət və sahibkarların həm kredit götürmək, həm də depozitlərini və hesablarını saxlamaq üçün geniş seçim imkanları yaranıb.