«Unibank»ın mənfəəti kəskin artdı, depozit portfeli - 1 MİLYARD MANATI KEÇDİ - HESABAT
Azərbaycanın bank sektorunun liderlərindən olan «Unibank» 2023-cü ilin 1-ci rübündə ciddi artım nümayiş etdirib. Bankın əməliyyat mənfəəti 7 dəfə artıb, xalis mənfəət açıqlayıb, depozit portfeli isə ilk dəfə 1 milyard manatı keçib.
Faiz gəlirlərində kəskin artım
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 1-ci rübdə bankın faiz gəlirləri 30% artaraq 48,6 milyon manata, faiz xərcləri isə 3 milyon manat və ya 22% artaraq 16,3 milyon manata yüksəlib.
Nəticədə bankın xalis faiz gəliri 40%-dən çox artaraq 30 milyon manataı keçib.
Müştəri aktivliyi yüksəlib
Rüb ərzində «Unibank»da müştəri aktivliyinin əsas göstəricilərindən olan qeyri-faiz gəlirləri 3 dəfəyə yaxın artaraq 10 milyon manatdan 26 milyon manata yüksəlib. Hesabat dövründə haqq və komissiya gəlirləri, xarici valyutalarla əməliyatlardan gəlirlər və digər gəlirlər 3-4 dəfə artıb.
Bankda əmək haqqı fondu 38% artıb
2023-cü ilin 1-ci rübündə «Unibank»ın qeyri-faiz xərcləri 40%-dən çox artaraq 30 milyon manatdan 42 milyon manatı keçib. Bankın fəaliyyətini genişləndirməsinin əsas göstəriciləri olan - əmək haqqı fondu 38%, işlərin aparılması xərci isə 16% artıb.
Əməliyyat mənfəətində 7,5 dəfə artım
Nəticədə «Unibank» 2023-cü ilin 1-ci rübünü 14,2 milyon manat əməliyyat mənfəəti ilə başa vurub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 dəfə artıqdır. Xatırladaq ki, bir il əvvəl «Unibank» cəmi 1,9 milyon manat əməliyyat mənfəəti əldə etmişdi.
Bank bu dövrdə mümkün zərərlərin qarşılamaq üçün 9,9 milyon manat ehtiyat ayırmalar edib. Nəticədə «Unibank» 1-ci rübü 4 milyon 290 min manat xalis mənfəətlə tamamlayıb.
Xatırladaq ki, 2022-ci ilin 1-ci rübündə bankda təqribən eyni məbləğdə zərər yaranmışdı.
«Milyardlıq bank»
«Unibank» depozit və kredit portfelində də ciddi göstəricilər əldə edib.
Əvvəla bankın böyüməsi davam edib və rübün sonunda aktivləri 1 milyard 446 milyon manata çatıb (rüb ərzində 6 milyon manat artım).
Kredit portfeli daha 50 milyon manat artıb
Kredit portfeli isə 1 milyard manata yaxınlaşıb – 50 milyon manatlıq artımdan sonra 940 milyon manatı keçib.
Rüb ərzində «Unibank»ın bütün kreditlərində artım müşahidə edilib.
İstehlak kreditləri 580 milyona (30 milyon artım), biznes kreditləri 290 milyon manata (15 milyon artım) yaxınlaşıb, daşınmaz əmlak kreditləri isə 71 milyon manatı keçib.
«Unibank» ölkə iqtisadiyyatına kreditləri artırmaq üçün qiymətli kağızlara investisiyaları 10 milyon manat azaldıb – 73 milyon manatdan 63 milyon manata endirib. Eləcə də başqa banklardakı depozitlərin 12 milyon manatını geri çəkib - 63 milyon manatdan 51 milyon manata endirib.
Depozit portfeli ilk dəfə 1 milyard manatı keçdi
Rüb ərzində «Unibank»ın öhdəliklərinin ümumi həcmi (1 milyard 328 milyon manat) demək olar dəyişməsə də, onun tərkibində ciddi dəyişiklik olub. İlk dəfə olaraq «Unibank»ın depozit portfeli 1 milyard manatı keçərək 1 milyard 1,3 milyon manat olub. Fiziki şəxslərin depozitləri 776 milyon manat (5 milyon manat artım), hüquqi şəxslərin depozitləri isə 225 milyon manat (7 milyon manat artım) təşkil edib.
Əvəzində bank digər öhdəliklərini 30 milyon manat azaldaraq 66 milyondan 35 milyon manata endirib.
«Unibank»ın cəmi kapitalı isə 4,5 milyon manat artaraq 117,9 milyon manata yüksəlib.