Rusiyanın “MTS Bank”ı Azərbaycana bank kartları ilə komissiyasız pul köçürmə xidmətini istifadəyə verib.
FED.az xəbər verir ki, bu barədə “MTS Bank” PSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Köçürmələr rublla həyata keçirilir. “MTS Bank” köçürmələrə görə komissiya tutmur. Birdəfəlik köçürmənin minimum məbləği 50 rubl, maksimum məbləği 300 min rubldur”, - deyə məlumatda qeyd olunur.
Köçürmə “MTS Bank”ın tətbiqi üzərindən həyata keçirilir.
Azərbaycanın bank kartlarında vəsaitin artırılması “MTS Bank”ın kartları, “MTS Pul” elektron pulqabı, eləcə də MTS-in abunəçisi olan fiziki şəxsin şəxsi hesabı vasitəsilə mümkündür. Gələcəkdə üçüncü tərəf banklarının kartları ilə ödəniş imkanlarının genişləndirilməsi planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
“MTS Bank”ın “Pul köçürmələri” striminin lideri Kirill Palçun bildirib ki, 2023-cü ilin sonunadək Azərbaycan banklarına köçürmə xidmətinin auditoriyası 100 min nəfəri ötəcək.
“MTS-Bank” 2022-ci ilin may ayında “Granat Partners” xidməti vasitəsilə Azərbaycana pul köçürmələrinin həyata keçirilməsinin mümkün olduğunu elan edib.
“MTS Bank” PSC Rusiyanın 50 aparıcı bankı sırasına daxil olan universal kommersiya bankıdır. (İnterfaks-Azərbaycan)