Avqustun 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən FED.az-a verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 250 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar sentyabrın 19-da ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Qeyd edək ki, bu dəfə satışa çıxarılan notların əvvəlki hərraclardan daha azdır – bundan əvvəlki iki hərracda AMB satışa 300 milyon manatlıq not çıxarmışdı. Amma hətta bu vəziyyətdə də notların bütünlüklə satılmaması ehtimalı var. Məsələ bundadır ki, son vaxtlar investorların, xüsusilə də bankların manatla olan kağızlara marağının kəskin azalması müşahkdi edilir. İndiyədək AMB-nin notlarına tələbat buraxılışdan 2-3 qat artır olsa da, sonuncu hərracda 300 mlyon manatlıq nota cəmi 383 milyon manat sifariş gəlmişdi.
Ekspertlər bunu, son vaxtlar dolların ətrafındakı ajiotaj və bankların öz pullarını dollara keçirməsi ilə əlaqələndirirlər.