Son günlər ətraf ölkələrdə dolların bahalaşması Azərbaycana da təsirsiz ötüşmədi. FED.az xəbər verir ki, Türkiyə və İranda dolları bahalaşdıran səbəblər Azərbaycanda mövcud olmasa da, ümumi regional ajiotaj ölkəmizdə də dollara tələbatı artırıb. Bu proseslər barədə fikirlərini açıqlayan iqtisadçı ekspert Samir Əliyev bildirir ki, əhali ilə yanaşı, artıq banklar da dollara maraq göstərməyə başlayıblar. Kredit verə bilmədiklərinə görə, izafi likvidliyi yaranan banklar pulu dollara yatarmağa üstünlük verirlər. Baş verənlər göstərir ki, valyuta bazarındakı sabitlik çox kövrəkdir və hər an dağıla bilər:
«Dünyada maliyyə bazarlarında dolların bahalaşması, xüsusən də Rusiya və Türkiyə valyutasının ucuzlaşmasının yaratdığı psixoloji təsirlər valyuta bazarında son həftələr gərginlik dolu canlama yaradıb. Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır. Bankların aktivliyinin atması onların Mərkəzi Bankın hərraclarına maraqlarını azaldıb.
Təsadüfi deyil ki, avqust ayı başlayandan həm depozit, həm də fond birjasında keçirilən hərraclarda bankların tələbi əhəmiyyətli dərəcədə azalıb. Depozit hərracında bankların tələbi avqustda 40%-ə qədər azalıb. Avqustun 6-da keçirilmiş hərracda tələb 943,9 milyon AZN olduğu halda, növbəti hərracda 746,6 milyon AZN-ə, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon AZN-ə düşüb. Bununla da bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub.
Mərkəzi Bankın Bakı Fond Birjasında yerləşdirdiyi qısamüddətli (28 gün) notlarına da tələb azalıb. Hətta notların orta faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların marağını artıra bilməyib. Avqustun 15-də keçirilən sonuncu hərracda tələb 2 dəfəyədək azalaraq son 6 ayda ən aşağı həddə - 383,6 milyon AZN-ə düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon AZN olub.
Mərkəzi Bank hər iki hərrac vasitəsilə 1,5 milyard AZN-dən çox vəsaiti dövriyyədə müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır. Ancaq son hərraclar göstərir ki, hazırki hərraclar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil. Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları bankalar üçün maraqsız edə bilər. Üstəgəl kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cazibəliyini getdikcə artırır. Belə vəziyyətdə xarici bazarlarda və ölkərdə baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər».