Avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi sığortalı (yəni müştəri – FED.az) tərəfindən sığorta haqqının ödənilməsi və sığortaçı (yəni şirkət) tərəfindən şəhadətnamənin elektron sənəd formasında tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi yolu ilə bağlanılır.
Sığorta şirkətləri icbari sığortadan imtina edə bilməyəcək - MƏRKƏZİ BANKDAN YENİ QƏRAR
Sığorta haqqının ödənilməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiqlədiyindən, sığortalı tərəfindən sığorta şəhadətnaməsinin elektron imzalanması tələb olunmur.
Bu barədə FED.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.
Xatırladaq ki, bəzi sığorta şirkətləri, o cümlədən «Paşa Sığorta» avtomobillərin icbari sığortası üçün müqavilə yazanda, kiçik həcmli mühərriki olan avtombillərin sahiblərindən müqaviləni «ASAN Login» lə imzalamağı təklif edirdilər.
«ASAN Login»i olmayan avtomobil sahibi bu müqaviləni ala bilmirdi və şirkətin baş ofisinə gəlib orada növbəyə dayanmalı idi.
«Gücləndirilmiş elektron imzanın və ya ASAN Login-in olmaması sığorta müqaviləsi bağlamaqdan imtina üçün əsas sayıla bilərmi?»- sualına cavab olaraq isə Mərkəzi Bankdan bildirilib ki, elektron imzanın olmaması imtina üçün əsas olmamalıdır – müqavilə hökmən bağlanmalıdır.
«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsində göstərilir ki, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Gücləndirilmiş elektron imzanın və ya ASAN Login-in olmaması sözügedən icbari sığorta növü üzrə sığorta müqaviləsinin bağlanmasından imtina üçün əsas deyil»-deyə ölkənin maliyyə sektorunun, o cümlədən sığorta bazarının requlyatorundan FED.az-a bildirilib.