Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortalanması – avtomobillərin icbari sığortası barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, AMB İdarə Heyətinin qərarı ilə «İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər»də dəyişikliklər edilib.
Yeni qərara uyğun olaraq sığorta şirkətlərinin üzərinə daha bir öhdəlik qoyulub
Tələbə əsasən onlar öz internet səhifələlərində icbari sığorta alınması – yəni sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.
Yeni qərara əsasən sığorta şirkətləri bu imkanı 10 gün ərzində yaratmalıdırlar.
Tələblərə edilən dəyişiklik bundan ibarətdir:
“4-1. Rəsmi internet səhifəsi ilə bağlı tələb
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bağlanması imkanına malik olmalıdır.”;
aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:
“5.3. Tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar.”.