Ölkənin aparıcı banklarından olan «Kapital Bank»ın «Ürəklər» loyallıq bonus proqramı dayandırılıb.
Bu barədə FED.az-a bankdan bildirilib. Xatırladaq ki, «bonus Ürəklər» layihəsi «Kapitalbank»ın kart istifadəçiləri üçün nəzərdə tutulmuşdu. Bankın kartları və tətbiqi vasitəsil ödənişlər edildikdə istifadəçilərin hesabına bonus şəklində «ürək»lər toplanır və sonradan onları müxtəlif məqsədlərlə – kommunal ödəniş və s. üçün istifadə etmək mümkün idi.
Amma artıq sentyabrın 1-dən etibarən Bank bu layihəni dayandırır.
«Bonus ürəklər layihəsi dayandırılır. Mövcud ürəkləri istifadə müddətinin sonuna qədər istifadə edə bilərsiniz. ️ Ürəklərin dayandırılmasına görə məyus olmayın, çünki yeni məhsulumuz olan Birbank Cashback kartları ilə bir çox imkanlardan yararlana bilərsiniz»-deyə bankdan FED.az-a bildirilib.
Əvəzində bankdan bildirilib ki, istifadəçilər «Birbank Cashback» kartından istifadə edə bilərlər. Bu kartlar vasitəsilə gündəlik ödənişlərdən 30%-dək keşbek, 2 qat ƏDV məbləğinin qaytarılması, şəxsi vəsait qalığına 6%-dək gəlir, sərfəli nağdlaşdırma və köçürmə tarifləri nəzərdə tutur.