Azərbaycanın informasiya və rabitə sektoruna bankların kredit qoyuluşu sürətlə artır. Bu ilin noyabrın 1-nə bu sahəyə yönələn kreditlərin ümumi həcmi 756 milyon manat olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,1 milyon manat və ya 32% artım deməkdir ki, bu da bütün sahələr arasında ən yüksək illik artım tempidir.
Belə ki, ötən ilin noyabrın 1-də bu sektora 572,9 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı olub. Ötən ilin sonuna nəzərən portfel 120,1 milyon manat (18,9%) böyüyüb. Təkcə son bir ayda isə 34,5 milyon manatlıq (4,8%) artım qeydə alınıb.
Xatırladaq ki, informasiya və rabitə sektoruna verilən kreditlər bu ilin oktyabrın 1-nə 721,5 milyon manat, ötən ilin sonunda 635,9 milyon manat, ötən ilin eyni dövründə isə 572,9 milyon manat təşkil edirdi.












