Azərbaycanın biznes kreditləri portfelinin ən böyük ikinci hissəsini təşkil edən ticarət sektoruna kredit qoyuluşunda son bir ayda azalma qeydə alınıb. Noyabrın 1-nə ticarət müəssisələrinə verilən kreditlərin ümumi həcmi 4 milyard 239,5 milyon manat olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, illik müqayisədə artım davam etsə də (+90,7 milyon manat və ya +2,2%), aylıq dinamika mənfidir.
Belə ki, ötən ilin noyabrın 1-də ticarət sektoruna 4 milyard 148,8 milyon manat kredit ayrılmışdı.
Portfeldəki dəyişikliyə daha yaxından baxdıqda, ötən ilin sonuna (4 mlrd. 248,4 mln. manat) nəzərən 8,9 milyon manatlıq (0,2%) azalma olduğu görünür. Son bir ayda isə (oktyabra nəzərən) geriləmə daha kəskin olub: 56,6 milyon manat (1,3%).
Xatırladaq ki, ticarət sektoruna verilən kreditlər bu ilin oktyabrın 1-nə 4 milyard 296,1 milyon manat, ötən ilin sonunda 4 milyard 248,4 milyon manat, ötən ilin eyni dövründə isə 4 milyard 148,8 milyon manat təşkil edirdi.











