Azərbaycanda Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ının təkmilləşdirilməsi təklif edilir.
FED.az xəbər verir ki, bu təkliflə “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi çıxış edib.
Eləcə də bax: Depozitlərin yarıdan çoxu xarici valyutadadır
Sözügedən təşkilat valyuta əməliyyatlarındakı son vəziyyəti və bu qaydaların biznes üçün yratadığı çətinlikləri araşdıraraq yeni təkliflər hazırlayıb.
Qeyd edək ki, sözügedən təkliflər Azərbaycan Mərkəzi Bankına (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) da təqdim edilib. Amma hələlik bu qurumlar təkliflərə münasibət bildirməyiblər. Buna görə də, qurum sözügedən təklifləri FED.az vasitəsilə dövlət qurumları, biznes sektoru və ictimaiyyətin diqqətinə çatdırmağı qərara alıb.
Beləliklə...
Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ının təkmilləşdirilməsi ilə bağlı “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyinin
T Ə K L İ F L Ə R İ
Qaydaların tətbiqi ilə bağlı qarşıya çıxan mövcud problemlər
Son illər makroiqtisadi sabitliyin əldə olunması istiqamətində ölkəmizdə həyata keçirilmiş bir sıra mühüm tədbirlər nəticəsində tədiyə balansının profisiti bərpa olunmuş, milli valyutanın xarici dəyəri nisbi sabitləşmiş, valyuta ehtiyatlarına təzyiq azalmış və inflyasiya gözləntiləri nisbətən səngimişdir. Devalvasiyadan sonra digər sahələrdə olduğu kimi, valyuta tənzimlənməsi və nəzarəti sahəsində də siyasətin yeni tələblərə və çağırışlara uyğunlaşdırılması zərurəti yaranmış, bu sahədə bir sıra ciddi addımlar atılmış və qanunvericiliyə bəzi dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsipləri, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətləri və funksiyaları, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqları və vəzifələri, həmçinin də valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının “Valyuta tənzimi haqqında” Qanunu ilə müəyyən edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
Sözügedən Qanunun 14-cü maddəsində valyuta nəzarətinin məqsədi kimi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasının təmin edilməsi qeyd olunmuş və valyuta nəzarətinin aşağıdakı əsas istiqamətləri müəyyən edilmişdir:
- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən etmək;
- dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq;
- xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;
- valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq.
“Valyuta tənzimi haqqında” Qanunla yanaşı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.
Qeyd olunan Qaydaların əsas məqsədi əslində tədiyə balansında valyuta kəsirinin azaldılması, valyuta nəzarətinin gücləndirilməsi və xarici valyutanın qanunsuz olaraq ölkədən çıxarılmasının qarşısının alınması olsa da, onun praktikada tətbiqi xarici iqtisadi fəaliyyətlə məşğul olan bir çox sahibkarlıq subyektləri üçün ciddi problemlər yaratmışdır ki, bu da ilk növbədə Qaydaların xarici iqtisadi fəaliyyətin bir sıra formalarını, o cümlədən Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr olunan və beynəlxalq alqı-satqı müavilələrində geniş tətbiq olunan “İncoterms” beynəlxalq kommersiya şərtlərinin tətbiq olunduğu bir sıra halları nəzərə almadığından irəli gəlir.
Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən (avans) vəsaitlər üzrə əməliyyatların aparılması bu Qaydaların 4.3.1-ci bəndi ilə tənzimlənir. Bu bəndin icrasına nəzarət isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.
Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilməlidir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir. Bu bəndin tətbiqi ilə əlaqədar keçən dövr ərzində xaricdən malların alınması ilə bağlı əvvəlcədən ödəniş edən və o malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmədən xarici ölkələrdə yerləşən qeyri-rezident müştərilərə satan bir çox yerli şirkətlər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən məhkəməyə verilmiş və cərimələnmişdir.
Düzdür, sonradan Mərkəzi Bankın 2018-ci ilin 26 fevral tarixli 4/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda bir sıra dəyişikliklər edilmiş və malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri üzrə yeni 4.3.2-1-ci bəndi əlavə edilmişdir. Həmin bənddə qeyd olunur ki, belə köçürmələrin məbləğinin vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilənin (müqavilələrin) surəti banka təqdim edilməlidir.
Lakin göründüyü kimi, Qaydaların 4.3.2-1-ci bəndi rezident və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrini yalnız mal alanın üçüncü ölkədə yerləşdiyi və mal alan tərəfindən əvvəlcədən ödəniş edildiyi hallarla məhdudlaşdırır. Başqa sözlə, bu dəyişikliklər banklar vasitəsilə xarici valyutada ödənişlər edən şirkətlərin üçüncü ölkələrdə yerləşən və əvvəlcədən ödəniş edən şirkətlərə münasibətdə vasitəçilik fəaliyyətini nəzərə alsa da, Azərbaycan ərazisində və xaricdə yerləşən rezident və ya qeyri-rezident şirkətlərlə olan vasitəçilik münasibətlərinin aşağıdakı formalarını nəzərə almır:
1. Malların Azərbaycan Respublikasının gömrük sərhəddində təhvil verilməklə Azərbaycanda yerləşən üçüncü tərəfə satılmasının və gömrük rəsmiləşdirilməsinin malların son alıcısı tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Məsələn, Azərbaycanda yerləşən “A” şirkəti Almaniyada yerləşən qeyri-rezident “B” şirkətinin rəsmi distrübyutorudur və həmin şirkətlə “İncoterms”-in “EXW – Ex Works (named place of delivery)” şərti ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə Azərbaycanda yerləşən bank hesabından “B” şirkətinin hesabına 500,0 min ABŞ dolları məbləğində ödəniş edirək müəyyən sayda malları “B” şirkətindən satın alıb Almaniyada yerləşən anbarına yerləşdirir. Müəyyən müddət sonra “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkəti ilə alqı-satqı müqaviləsi imzalayır və “B” şirkətindən aldığı malları “C” şirkətinə satır. Həmin müqavilədə malların “İncoterms 2010”-un “DAP (Delivered at place)” şərti ilə çatdırılması nəzərdə tutulmuşdur. Yəni, “A” şirkəti malları Almaniyadan gətirərək Azərbaycanın gömrük sərhəddində “C” şirkətinə təhvil vermiş və mallar gömrükdə “C” şirkəti tərəfindən rəsmiləşdirilərək Azərbaycana idxal olunmuşdur.
Görünüyü kimi, bu situasiyada “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkətinə münasibətdə vasitəçilik etmişdir. Lakin mövcud Qaydalara görə 270 gün ərzində mallar “A” şirkəti tərəfindən Azərbaycan idxal olunmalı və gömrük bəyannaməsi banka təqdim edilməli idi. Təbii olaraq, belə olan şəraitdə bank bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir və Palata da öz növbəsində protokol tərtib edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün “A” şirkətini məhkəməyə verir.
2. Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən xarici ölkədə yerləşən üçüncü tərəfə satılmasının nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Qeyd olunmalıdır ki, beynəlxalq ticarət praktikasında ticarət vasitəçiliyi fəaliyyəti yerli və xarici şirkətlərə münasibətdə həyata keçirilməsinə və əvvəlcədən ödəniş nəzərdə tutulub-tutulmadığına görə fərqləndirilmir. Burada nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində malı alan üçüncü şirkət tərəfindən avans ödəniş edilmədən mallar çatdırıldıqdan və ya xidmətlər yerinə yetirildikdən sonra ödəniş nəzərdə tutula bilər ki, bu hal da hazırkı Qaydalarda öz əksini tapmamışdır.
Qeyd olunan hər iki hal özündə beynəlxalq ticarət vasitəçiliyini əks etdirir. Digər tərəfdən də bu formada məhdudlaşdırma yerli vasitəçi şirkətlərin ofşor hesablar üzərindən beynəlxalq ticarət əməliyyatlarını davam etdirərək vergidən və valyuta nəzarətindən yayınmasına səbəb ola bilər.
Bununla yanaşı dünya praktikasında qabaqcadan ödəniş edilərkən müəyyən olunmuş müddət ərzində tələb olunan sənədlər banka təqdim edilmədikdə həmin rezident və ya qeyri-rezidentlər qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb edilməmişdən əvvəl gecikdirilmənin səbəbləri araşdırılır, əsaslı səbəblər (məsələn, alıcının iradəsindən asılı olmayan səbəblər) müəyyən edildikdə həmin subyektlərə sənədlərin təqdim olunması üçün əlavə vaxt verilir.
Bu baxımdan da hesab edirik ki, Qaydalardakı bu boşluqlar sahibkarlıq subyektlərinin azad bazar fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olduğundan, həmçinin beynəlxalq ticarət vasitəçiliyi fəaliyyətinin bütün formalarını və bəzi “İncoterms” şərtlərinin tətbiq olunduğu halları ehtiva etmədiyindən, həmin Qaydalarda müvafiq dəyişikliklər edilməli və xarici iqtisadi fəaliyyətin bütün forma və aspektləri Qaydalarda nəzərə alınmalıdır.
Təkliflər
Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ının təkmilləşdirilməsi ilə bağlı aşağıdakıları təklif edirik:
1. Qaydaların 4.3.1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
- “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar ölkəyə idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda rezident və qeyri-rezidentlər tərəfindən bunun səbəbləri barədə banka müvafiq əsaslandırma təqdim edilir. Əsaslandırmada malın idxalının rezident və qeyri-rezidentin iradəsindən asılı olmayan gecikmə səbəbləri (istehsalın gecikməsi, nəqliyyat və ya daşıyıcının malı vaxtında çatdırmaması, fors-major halların baş verməsi və s.) qeyd olunur və müvafiq təsdiqedici sənədlər əlavə olunur. Bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri, o cümlədən həmin əsaslandırmanı 2 (iki) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir və Palata tərəfindən yuxarıda göstərilən səbəblərin mövcud olmasının və təqdim olunan sənədlərin həqiqiliyi araşdırılaraq təsdiqləndiyi təqdirdə həmin rezident və ya qeyri-rezidentə malların ölkəyə idxalı üçün göstərilən səbəblərin arada qaldırılmasına yetərli vaxtın verilməsi ilə bağlı qərar qəbul edilir. Əsaslandırma məqbul hesab edilmədikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsini təmin edir.
Qabaqcadan ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində mallar ölkəyə idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bununla bağlı müvafiq əsaslandırma banka təqdim edilmədikdə bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir”
2. Qaydaların 4.3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“4.3.2. Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən xarici ölkədə yerləşən üçüncü tərəfə satılması ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə vasitəçilik əməliyyatları zamanı ödəniş tarixindən 270 (iki yüz yetmiş) gün müddətində aşağıdakı sənədlər banka təqdim olunmalıdır:
a) Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən xarici ölkədə yerləşən üçüncü tərəfə satılmasının nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri zamanı banka vasitəçinin həm satıcı, həm də üçüncü tərəflə olan müqavilələrinin, hesab-fakturaların və təhvil-təslim aktlarının surətləri, həmçinin üçüncü tərəfə təqdim olunan mallara görə ödənişin vasitəçinin müvəkkil bankdakı hesabına köçürülməsini təsdiq edən sənəd təqdim edilir;
b) Malların Azərbaycan Respublikasının gömrük sərhəddində təhvil verilməklə Azərbaycanda yerləşən üçüncü tərəfə satılmasının və gömrük rəsmiləşdirilməsinin malların son alıcısı tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri zamanı banka vasitəçinin həm satıcı, həm də üçüncü tərəflə olan müqavilələrinin, hesab-fakturaların, təhvil-təslim aktlarının surətləri, üçüncü tərəfə təqdim olunan mallara görə ödənişin vasitəçinin müvəkkil bankdakı hesabına köçürülməsini təsdiq edən sənəd və malların son alıcısının təqdim etdiyi yük gömrük bəyannaməsi təqdim edilir;
c) Malların bir xarici ölkədən alınıb Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən digər xarici ölkəyə göndərilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində yerləşən üçüncü tərəfə satılmasının nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri yolverilməzdir.
Həmin müddət ərzində a və b yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar yerinə yetirilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda rezident və qeyri-rezidentlər tərəfindən bunun səbəbləri barədə banka müvafiq əsaslandırma təqdim edilir. Bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri, o cümlədən həmin əsaslandırmanı 2 (iki) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir və Palata tərəfindən məsələ araşdırılaraq məqbul hesab ediləcəyi təqdirdə həmin rezident və ya qeyri-rezidentə bu bəndin a və b yarımbəndlərində göstərilən əməliyyatların yerinə yetirilməsi üçün əlavə vaxtın verilməsi ilə bağlı qərar qəbul edilir. Əsaslandırmada əməliyyatın rezident və qeyri-rezidentin iradəsindən asılı olmayan gecikmə səbəbləri (istehsalın gecikməsi, nəqliyyat və ya daşıyıcının malı vaxtında çatdırmaması, fors-major halların baş verməsi və s.) qeyd olunur və müvafiq təsdiqedici sənədlər əlavə olunur. Bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri, o cümlədən həmin əsaslandırmanı 2 (iki) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir və Palata tərəfindən yuxarıda göstərilən səbəblərin mövcud olmasının və təqdim olunan sənədlərin həqiqiliyi araşdırılaraq təsdiqləndiyi təqdirdə həmin rezident və ya qeyri-rezidentə əməliyyatın icrası üçün göstərilən səbəblərin arada qaldırılmasına yetərli vaxtın verilməsi ilə bağlı qərar qəbul edilir. Əsaslandırma məqbul hesab edilmədikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsini təmin edir.
Qabaqcadan ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində bu bəndin a və b yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar yerinə yetirilmədikdə, qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bununla bağlı müvafiq əsaslandırma banka təqdim edilmədikdə bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir”
3. Qaydaların 4.3.2-1-ci bəndi çıxarılsın.
4. Qaydalara aşağıdakı redaksiyada yeni 4.3.14-cü bənd əlavə edilsin:
“4.3.14. Təkrar ixrac əməliyyatları üzrə rezidentlərin və qeyri-rezidentlərin köçürmələri 4.3.1.1-ci bənddə nəzərdə tutulmuş qaydada aparılır. Belə köçürmələr xarici ölkədən mallar idxal edilənədək icra edildikdə, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur.”