"Müəyyən seqmentlərdə işsiz qalma ehtimalı yüksək olan şəxslər üçün sığorta haqqı daha baha olacaq".
Banklar işsizlikdən sığorta təklif etməyə - MƏCBUR OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu, risk amili ilə bağlıdır və qiyməti bazar özü müəyyənləşdirir:
"Necə ki, həyat sığortasında yaşlı insanların ölüm ehtimalı daha yüksək olduğundan sığorta haqqı da fərqlənir, eyni yanaşma burada da tətbiq oluna bilər. Yəni müəyyən seqmentlərdə işsiz qalma ehtimalı daha yüksəkdirsə, həmin sahələr üzrə sığorta haqqı da daha yüksək ola bilər. Lakin qiymətlərin formalaşmasında bazar mexanizmləri əsas rol oynayır".
Baş direktor qeyd edib ki, hazırda bizdə, məsələn, hansı sektorda işsizlik riskinin daha yüksək olduğunu müəyyənləşdirmək üçün dəqiq məlumatlar yoxdur:
"Burada əsas məsələ təkcə işsizliyin ümumi səviyyəsi deyil, həm də işçi axınının sürətidir. Məsələn, bir müəssisədən 10 nəfər işdən çıxır, digər müəssisəyə isə 10 nəfər işə qəbul olunur. Belə olduqda, ümumi məşğulluq səviyyəsi dəyişməsə də, faktiki olaraq 10 nəfər işini itirmiş olur.
Düzdür, ümumi göstəricilər dəyişməsə belə, burada maliyyə vəsaitləri və işçi axını məsələsi ön plana çıxır. Ancaq qiymətləri tənzimlədikdə görünə bilər ki, bir çox seqment üzrə sığortalı kreditlərin faiz dərəcələri sığortasız kreditlərin faiz dərəcələrindən daha aşağı olur.
Lakin bu, yenə də bankdan, həmin bankın yanaşmasından və tətbiq etdiyi risklərin idarə olunması tədbirlərindən asılıdır. Burada bir çox amil rol oynayır".















