Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı 2021-ci ildə dövlət büdcəsinə hökumətin proqnozlarından daha artıq dividend ödəyib. Bu dövlətə məxsus olan təşkilatlar və şirkətlər arasında yeganə belə haldır.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi ilə bağlı açıqladığı rəyində bildirilir.
Palatanın hesabatından məlum olur ki, ABB öz yaxşı nəticələri ilə hökuməti hələ 2020-ci ildə təəccübləndirib. 2020-ci ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə dividend ödənilməsi proqnoz edilməsə də, Bank 2019-cu ildə 215,7 mln. manat xalis mənfəət əldə etdiyinə görə, həmin məbləğdən 150 milyon manatın dividend şəklində səhmdarlara verilməsinə qərar verilib.
Bankda dövlətə məxsus səhmlər 95,15% olduğuna görə, dövlətə çatacaq dividend məbləği 142,7 mln. manat təşkil edib.
Həmin məbləğ «Aqrarkredit» QSC BOKT tərəfindən dövlət zəmanəti ilə buraxılan qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəlib.
2021-ci ildə isə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin son illərdə ilk dəfə olaraq dövlət büdcəsinə 120 milyon manat məbləğində dividend nəzərdə tutulub. Bank bu proqnozu artıqlaması ilə (100,7%) yerinə yetirib və büdcəyə 120 milyon deyil, 120 milyon 824,2 min manat dividend ödəyib.
«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin son illərin maliyyə nəticələrini xalis mənfəətlə başa vurmasına baxmayaraq, dövlət büdcəsində qeyd olunan mənbə üzrə müvafiq dividend məbləği proqnozlaşdırılmamış, lakin xalis mənfəət əldə etməsilə əlaqədar səhmdarların ümumi yığıncağının qərarına əsasən dövlət büdcəsinə müvafiq dividend məbləğinin ödənilməsi qərara alınsa da, həmin məbləğ düzgün olmayaraq Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan ödənilməli olan qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəldilmişdir»-deyə palata bildirir.
"2021-ci ildə isə Hesablama Palatasının Rəyində də qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və «Azərbaycan Beynəlxalq Bankı» ASC üzrə dövlət büdcəsində son illərdə ilk dəfə olaraq 120 milyon manat məbləğində dividendin nəzərdə tutulması müsbət hal kimi qiymətləndirilir»-deyə Palatanın rəyində qeyd edilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı və Aqrar Kredit təşkilatından başqa heç bir dövlət şirkəti 2021-ci ildə büdcə qarşısında dividend planını yerinə yetirməyib. Dövlət təşkilatlarının 46 milyon dividend proqnozu olsa da, o cəmi 5 milyon manat icra edilib.
İri dövlət müəssisələrindən yalnız «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (5 milyon manat), «Azərlotoreya» ASC (1 milyon manat) və «Aqrarkredit» QSC BOKT (200 min manat) büdcəyə dividend ödəyib.