«Günay Bank» 2019-cu ilin 3-cü rübünün yekunları ilə bağlı hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın bütün əsas göstəricilərində müsbət tendensiyalar var.
Belə ki, ilin əvvəlindən bəri bankın aktivləri 12,7% artaraq 215,4 milyon manat təşkil edib. Bankın öhdəlikləri isə 17,2% artaraq 152,2 milyon manata çatıb. Bu vəziyyət «Günay Bank»a cəmi kapitalını da təqribən 2 milyon manat artıraraq 63,2 milyona çatdırmağa imkan verib.
3-cü rübün sonuna «Günay Bank»ın kredit portfeli 154,2 milyon manat, məcuri ayırmaları çıxanda isə 132,8 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə xalis kredit portfeli təqribən 9 milyon manat və 7,8% yüksəlib.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Kredit portfelinin böyüməsinə baxmayaraq bankın məcburi ayırmaların həcmi 1,5 milyon manat azalaraq 21,4 milyon manat olub ki, bu da portfelinin keyfiyyətinin artdığından xəbər verir.
Bankdakı depozitlərin həcmində artım baş verib.
FED.az-ın məlumatına görə, 3-cü rübün sonuna «Günay Bank»da 80,4 milyon manat depozit var, bu ilin əvvəlindəki göstəricidən bəri 10 milyon manat və ya 14,1% artıqdır.
Eləcə də bax: «Günay Bank»ın rəhbərliyində - DƏYİŞİKLİK GÖZLƏNİLİR
2019-cu ilin ilk 9 ayında «Günay Bank»ın faiz gəlirləri 8,9 milyon manat, faiz xərcləri 6,6 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 37,3%, faiz xərcləri 3,1 milyon manat və ya 93% artıb.
Faiz xərclərinin belə kəskin artımı bankın depozitlər üzrə faiz ödənişlərini artırması (təxminən 900 min manat artıb), eləcə də Mərkəzi Bank və dövlət fondlarından cəlb etdiyi vəsaitlərin faiz ödənişlənin artırması (təqribən 3,7 milyon manat) olub.
Faiz xərclərinin kəskin artımına baxmayaraq bank dövrü xalis faiz mənfəəti ilə başa vurub – 2,3 milyon manat. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 24% azdır.
Bu dövrdə «Günay Bank»ın qeyri-faiz gəlir və xərclərində kəskin azalmalar olub. FED.az bankın hesabatına əsasən xəbər verir ki, 3-cü rübün sonuna bankın qeyri-faiz gəlirləri 5,4 milyon manat, qeyri-faiz xərcləri 5,9 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisə edəndə qeyri-faiz gəlirləri 23,8% azalıb, qeyri-faiz xərclərində isə 23% artım var.
Qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi valyuta ticarətindən gəlirlərin 36% (4,4 milyon manatdan 2,8 milyon manata) azalması olub. Bu dövrdə bankın haqq və komissiya gəlirləri də 0,4 milyon manat azalıb.
Nəticədə bank hesabat dövrünü 1,8 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 780 min manat ayrıldıqdan sonra bankın xalis mənfəəti 1 milyon 11 min manat olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,1% azdır. Xatırladaq ki, ötən ilin eyni dövründə «Günay Bank»ın xalis mənfəəti 1 milyon 910 min manat təşkil etmişdi.