"Günay Bank" ASC-nin səhmlərinin müvafiq olaraq 1,12%-nə və 1,1%-nə nəzarət edən Samir Cəfərov və Mahir Xəlilov paylarını satıblar.
FED.az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Eləcə də bax: "Günay Bank"ın vəziyyəti məlum oldu - KƏSKİN AZALMA
Məlumata görə, qiymətli kağızların alqı-satqısına dair əqdlər bu gün BFB-də bağlanılıb. Əqdlər Bankın 47,83 manat nominal dəyərə malik 15 200 və 15 000 ədəd, ümumilikdə 30 200 ədəd (1 444 466 manatlıq) səhmlərinin realizə edilməsini nəzərdə tutur. Bu sayda səhmlərin sahibləri isə müvafiq olaraq sözügedən şəxslərdir.
Onların payını Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Mahmud Məmmədov alıb və 54,35%-ə çatdırıb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın digər səhmdarları 40,05% payla Yeganə Şirinova (“Günay Sığorta”nın digər səhmdarı), 2,67% payla Günay İldırımzadə, 2,31% payla Xanım Məmmədova və 0,63% payla Fransa vətəndaşı Əhməd Mehribanidir. (Report)