Beynəlxalq kredit reytinqi agentliyi olan “Fitch” Türkiyə-Azərbaycan-Gürcüstan "üçbucağında" korporativ və investisiya bankçılığı xidmətləri təklif edən “PASHA Yatırım Bankası A.Ş”-nin uzunmüddətli milli kredit reytinqini “BBB+” səviyyəsindən “A-” səviyyəsinə qaldırmış, Bankın proqnozlarını “sabit” proqnozlar kimi müəyyən etmişdir.
Eləcə də bax: «PAŞA Bank»ın mənfəəti azalıb - BANK HESABATI
FED.az xəbər verir ki, Agentliyin açıqlamasında Bankın son illərdəki balans artımının sektor üzrə orta göstəricidən yüksək, problemli kreditlərinin payının isə aşağı olması (2020-ci ilin iyun ayında 2,6%) və kapitalın yetərlilik əmsalının (2020-ci ilin iyun ayında % 25) gözlənilməz itkilərin təsirinin yumşaldılması üçün kifayət etdiyi qeyd olunub.
“PASHA Yatırım Bankası A.Ş”-nin İdarə Heyətinin üzvü və Baş Direktoru H. Cenk Eynehan çətin iqtisadi şəraitin hökm sürdüyü dövrdə Bankın reytinqinin “BBB +” səviyyəsindən “A-”səviyyəsinə yüksəldilməsindən məmnun olduğunu bəyan edib. O bildirib ki, bank müştərilərinə əsasən layihələrin maliyyələşdirilməsi sahəsində korporativ və investisiya bankçılığı, əks lizinq və aktivlərə əsaslanan qiymətli kağızların buraxılmasına diqqət yetirməklə xidmət göstərir: "Bankımızın “PASHA Group” a daxil olan digər maliyyə şirkətləri ilə sıx əməkdaşlıq etməyimiz də xarici ticarətdə və Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı investisiyalarda pay sahibi olmağımıza kömək edir.”
Hazırkı dövrədək ölkə daxilində Türk Lirəsi ilə istiqrazlar və faizsiz bondlarla (Sukuk) yanaşı, ABŞ Dolları və Avro ilə istiqrazlar buraxmaqla resurs strukturunu şaxələndirmiş “PASHA Yatırım Bankası A.Ş” iki xüsusi riskli investisiyalar fonduna sərmayə yatıraraq və kapital bazarlarını formalaşdırmaq üçün vəsait əldə etmək məqsədilə aktivlərə əsaslanan qiymətli kağızlar buraxaraq kənd təsərrüfatı müəssisələrinə kömək etməklə investisiya bankçılığı fəaliyyətini də genişləndirib.