Azərbaycanın ənənəvi bankları eyni zamanda islam bankçılığı ilə məşğul ola bilərlər, bunlar bir-birinə rəqib deyil.
Sahibkarların əksəriyyəti islam bankçılığından məlumatsızdır - ARAŞDIRMA
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti bildirib.
“Dünyada islam bankçılığı fəaliyyəti ilə məşğul olan banklar var, amma sayları azdır. Məsələn, Türkiyənin təcrübəsində görürük ki, hansısa bank ayrıca bir filialına və yaxud şöbəsində islam bankçılığı xidməti göstərmək üçün lisenziya alır və bu təcrübə özünü doğruldur. Yəni, ənənəvi banklar islam banklarına rəqib yox, bu bazarın iştirakçısı ola bilərlər. Ümumiyyətlə, bu məsələ bazar iqtisadiyyatında sərbəst buraxılmalı məsələdir və müştərinin seçimindən asılıdır”, - deyə o qeyd edib.
“Dünyada islam bankçılığının mərkəzi Londondur. Halbuki, Böyük Britaniya xristian dini etiqadında olan bir ölkədir. İslam fundamentallığından qorxan adamlar üçün bu nəsə problem, ziddiyyət yaradırmı? Xeyr. İkinci yerdə Frankfurt gəlir. Almaniya da ənənəvi bankçılıq sektoru üzrə lider olan məkandır. Onlar ən qabaqcıl məhsulları hamıdan tez mənimsəyirlərsə demək ki, o sahədə nəsə var. Bu banklar, ümumiyyətlə bu fəaliyyət üçün heç bir xüsusi imtiyazlara, güzəştlərə ehtiyac yoxdur. Sadəcə həm ənənəvi, həm də islam bankçılığının fəaliyyəti üçün bərabər imkanlar yaratmaq lazımdır. Qoy sərbəst rəqabətdə hansı qabağa çıxırsa, çıxsın. Müştəri öz seçimini etsin”, - deyə ekspert əlavə edib. (Report)