Yanvarın 31-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında görüş keçirilib.
Eləcə də bax: “Kapitalı azalan bankları da izləyirik - ŞURADA MÜZAKİRƏ OLUNACAQ”
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, məqsəd məhkəmə ekspertizaları zamanı tərəflərin təqdim etməli olduğu sənədlər haqqında praktiki müzakirələr aparmaq, ekspertiza üçün zəruri olan sənədlərin daha müasir standartlara uyğunluğunu müəyyən etmək, bankların bu sahədə üzləşdikləri çətinliklərin operativ qaydada həllinə nail olmaq üçün fikir mübadiləsi aparmaqdan ibarətdir.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək son dövrlər Ədliyyə Nazirliyi ilə ABA arasında əməkdaşlığın, konstruktiv dialoqun yüksək səviyyədə aparıldığını, hər iki qurum arasında yaradılmış üç işçi qrupunun (Məhkəmə, İcra və Məhkəmə ekspertizası) fəaliyyətini yüksək qiymətləndirərək, bu sahələrdə fəaliyyətin daim nazir Fikrət Məmmədovun diqqət mərkəzində olduğunu vurğulayıb. O, gələcəkdə də bu tipli görüşlərin keçirilməsinin məqsədəmüvafiq olduğunu bildirib.
Məhkəmə Ekspertiza Mərkəzinin direktoru Fuad Cavadov bu sahədəki fəaliyyətdən, yeniliklərdən danışaraq, gələcəkdə özəl ekspertizaların fəaliyyətə başlamasının mühüm amil olduğunu qeyd edib. O, yaradılmış Məhkəmə Ekspertiza İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirib və işçi qrupa fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra bank nümayəndələrini maraqlandıran suallar səslənib, mərkəzin nümayəndələri ilə birlikdə fikir mübadiləsi aparılıb.