Azərbaycanın aparıcı banklarından olan «AFB Bank» ASC 2022-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
Eləcə də bax: «AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri 13 milyon 91 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 400 min manat və ya 3,2% artıb. Bu dövrdə bankın kredit portfeli üzrə faiz gəlirləri 1,5 milyon manat artaraq 9,2 milyon manatdan 10,7 milyon manata yüksəlib.
Qiymətli kağızlardan gəlirlər isə təqribən 2 milyon manat olub, ötən il bu göstərici 3,3 milyon manat idi.
3-cü rübün sonuna bankın faiz xərcləri isə 2 milyon manat olub. Bu ötən ilin eyni dövrünə nisbətən 800 min manat və ya 65% artıqdır.
AFB Bankın bankdakı əmanətlər üzrə ödədiyi faizlər 6 dəfə artaraq 150 min manatdan 893 min manata yüksəlib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri isə 2 milyon manat artaraq 6 milyondan 8 milyon manata çatıb. Bunun 5 milyon manata yaxın hissəsi komissiya haqları üzrə gəlirlərdir – 600 min manat və ya 14% artım var.
«AFB Bank»ın xarici valyuta ilə əməliyyatlardan əldə etdiyi gəlirlər isə 2 qat artaraq 1,2 milyon manatdan 2,4 milyon manata yüksəlib.
Bankın qeyri-faiz xərcləri isə yarım milyon manat artaraq 10,9 milyon manatdan 11,4 milyon manata yüksəlib.
Bankda əmək haqqı xərcləri 700 min manat artaraq 4,7 milyon manata, inzibati xərclər isə 400 min manat artaraq 2,9 milyon manata çatıb.
Nəticədə AFB Bank 2022-ci ilin 3-cü rübünü 7 565 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Daha 3,9 milyon manat isə vaxtilə mümkün zərərləri qarşılamaq üçün ayrılmış ehtiyatlardan geri qaytarılıb.
Nəticədə bank 3-cü rübü 11 milyon 452 min manat xalis mənfəətlə tamamlayıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 32% artıqdır.