2022-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycan bankları müştərilərə verdikləri kreditlər üzrə 1 milyard 220.9 milyon manat faiz gəlirləri əldə ediblər.
Eləcə də bax: Bankların kredit portfeli 0,9 faiz - ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə bankların kreditlər üzrə faiz gəlirləri 272.5 milyon manat artıb. 2021-ci ilin 7 ayında banklar kreditlər üzrə 948.4 milyon manat faizlər qazanmışdılar.
2022-ci ilin 7 ayı ərzində bankların faiz xərcləri 352.6 milyon manat, o cümlədən depozitlər üzrə faizlər 245 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bankların faiz xərcləri 307.1 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 201.6 milyon manat təşkil etmişdi.
Banklar tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2022-ci ilin 7 ayı ərzində 1 milyard 828.3 milyon manat artaraq 31 iyul 2022-ci il tarixində 18 milyard 487.4 milyon manata çatıb.
SEKTORDA XALİS MƏNFƏƏT ARTIB
Azərbaycanın bank sektoru 2022-ci ilin 7 ayını (yanvar-iyul) 492.6 milyon manat xalis mənfəət ilə başa vurub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 83.7 milyon manat və ya 20,5% artıb. 2022-ci ilin iyun ayı ilə müqayisədə iyul ayında bank sektorunun xalis mənfəəti 91.8 milyon manat artıb. (Marja)