2025-ci ilin sentyabrın 1-nə (avqust ayının yekunu) Azərbaycanda bankların cəmi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 517,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 513,9 milyon manat, yəni 4,3% artıb. Lakin ötən ilin sonuna nəzərən 1 milyard 178,8 milyon manat, yəni 3,1%, aylıq müqayisədə isə 133,1 milyon manat, yəni 0,4% azalıb. Portfelin tərkibində xarici valyutada olan depozitlərin həcmi 14 milyard 670,8 milyon manat olub. Bu, illik müqayisədə 875,2 milyon manat (6,3%) və ilin əvvəlinə nəzərən 523,8 milyon manat (3,7%) artım deməkdir, lakin son bir ayda 65,5 milyon manat (0,4%) azalıb.
Əhalinin banklardakı əmanətləri portfelin artımında əsas rolu oynayıb. Fiziki şəxslərin cəmi depozitlərinin həcmi 15 milyard 86,0 milyon manata çatıb. Bu, illik müqayisədə 1 milyard 194,2 milyon manat (8,6%), ötən ilin sonuna nəzərən isə 786,9 milyon manat (5,5%) artım deməkdir. Son bir ayda isə cüzi - 27,9 milyon manat (0,2%) azalma qeydə alınıb. Bu əmanətlərin xarici valyutada olan hissəsi 4 milyard 936,5 milyon manat olub ki, bu da illik 154,8 milyon manat (3,2%) və ilin əvvəlinə nəzərən 37,5 milyon manat (0,8%) artım göstərir.
Əhalinin müddətli depozitləri 9 milyard 560,8 milyon manata çatıb. Bu, illik 1 milyard 345,3 milyon manat (16,4%), ilin əvvəlinə nəzərən 960,0 milyon manat (11,2%) və aylıq 40,9 milyon manat (0,4%) artım deməkdir. Müddətli əmanətlərin xarici valyutada olan hissəsi (3 milyard 123,8 milyon manat) illik 277,2 milyon manat (9,7%) və ilin əvvəlinə nəzərən 103,1 milyon manat (3,4%) artsa da, son ayda 48,9 milyon manat (1,5%) azalıb.
Əhalinin tələbli depozitləri isə 5 milyard 525,3 milyon manata enib. Bu, illik 151 milyon manat (2,7%), ilin əvvəlinə nəzərən 173milyon manat (3,0%) və aylıq 68,7 milyon manat (1,2%) azalmadır. Bu depozitlərin xarici valyutada olan hissəsi (1 milyard 812,7 milyon manat) illik 122,3 milyon manat (6,3%) azalsa da, son bir ayda 30,6 milyon manat (1,7%) artıb.
Hüquqi şəxslərin depozitləri isə daha çox dəyişkənliyə məruz qalıb. Bu portfel 21 milyard 431,8 milyon manat təşkil edib. Hüquqi şəxslərin depozitləri illik müqayisədə 319,7 milyon manat (1,5%) artsa da, ötən ilin sonuna nəzərən 1 milyard 965,7 milyon manat (8,4%), aylıq müqayisədə isə 105,2 milyon manat (0,5%) azalıb. Bu depozitlərin xarici valyutada olan hissəsi (9 milyard 734,3 milyon manat) isə illik 720,4 milyon manat (8,0%) və ilin əvvəlinə nəzərən 486,3 milyon manat (5,3%) artıb, lakin son bir ayda 47,2 milyon manat (0,5%) azalıb.
Hüquqi şəxslərin müddətli depozitləri (5 milyard 261,6 milyon manat) bütün dövrlər üzrə azalıb: illik 19,7 milyon manat (0,4%), ilin əvvəlinə nəzərən 555,6 milyon manat (9,5%) və aylıq 134,2 milyon manat (2,5%).
Şirkətlərin tələbli depozitləri (16 milyard 170,1 milyon manat) illik 339,3 milyon manat (2,1%) və aylıq 29 milyon manat (0,2%) artsa da, ilin əvvəlinə nəzərən 1 milyard 410,2 milyon manat (8,0%) azalıb.
Tələbli depozitlərin tərkibindəki sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 374,5 milyon manata çatıb. Bu, illik 80,8 milyon manat (27,5%), ilin əvvəlinə nəzərən 11,7 milyon manat (3,2%) və aylıq 32,3 milyon manat (9,4%) artım göstərir.
Xatırladaq ki, cəmi depozit portfeli bu ilin avqustun 1-nə 36 milyard 650,9 milyon manat, ötən ilin sonunda 37 milyard 696,6 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 35 milyard 3,9 milyon manat təşkil etmişdir.