2025-ci ilin sentyabrın 1-nə (avqust ayının yekunu) Azərbaycanda bank sektorunun cəmi öhdəlikləri 48 milyard 595,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sektorunun cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 339,3 milyon manat, yəni 12,3%, ötən ilin sonuna nəzərən isə 2 milyard 212,3 milyon manat, yəni 4,8% artıb. Aylıq müqayisədə isə öhdəliklərdə 94,4 milyon manat, yəni 0,2% azalma qeydə alınıb. Cəmi öhdəliklərin tərkibində xarici valyutada olan vəsaitlərin məbləği 17 milyard 441,5 milyon manat olub ki, bu da illik 10,0% artım deməkdir.
Öhdəliklərin əsasını təşkil edən depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 517,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 1 milyard 513,9 milyon manat, yəni 4,3% artım göstərsə də, ötən ilin sonuna nəzərən 1 milyard 178,8 milyon manat, yəni 3,1%, aylıq müqayisədə isə 133,1 milyon manat, yəni 0,4% azalıb.
-
Fiziki şəxslərin depozitləri 15 milyard 86 milyon manata çatıb. Bu, illik müqayisədə 1 milyard 194,2 milyon manat, yəni 8,6%, ötən ilin sonuna nəzərən isə 786,9 milyon manat, yəni 5,5% artım deməkdir.
-
Hüquqi şəxslərin depozitləri isə 21 milyard 431,8 milyon manat olub. Bu göstərici illik müqayisədə 319,7 milyon manat, yəni 1,5% artsa da, ötən ilin sonuna nəzərən 1 milyard 965,7 milyon manat, yəni 8,4% azalıb.
Maliyyə institutlarının depozitlərində bütün dövrlər üzrə artım qeydə alınıb və bu göstərici 1 milyard 921,2 milyon manata çatıb. Bu, illik müqayisədə 556,5 milyon manat, yəni 40,8%, ötən ilin sonuna nəzərən 262,1 milyon manat, yəni 15,8%, aylıq müqayisədə isə 206,1 milyon manat, yəni 12,0% artım deməkdir.
Ən kəskin artım bankların bir-birindən cəlb etdiyi kreditlərdə müşahidə olunub. Bu öhdəlik illik 4,9 dəfə, ilin sonuna nəzərən isə 5,3 dəfə artaraq 459,9 milyon manat təşkil edib.
Bankların digər maliyyə institutlarından cəlb etdiyi kreditlər də illik 20,2% artaraq 3 milyard 916,4 milyon manata, Loro hesabları illik 19,8% artaraq 520,2 milyon manata çatıb. Digər passivlər maddəsi isə illik müqayisədə 2 dəfədən çox artaraq 4 milyard 578,1 milyon manat olub.
Əksinə, banklar tərəfindən buraxılmış qiymətli kağızlar illik müqayisədə 28,6% azalaraq 681,2 milyon manata enib. Mərkəzi Bank qarşısında tələblər isə 0,5 milyon manat səviyyəsində qalıb.
Xatırladaq ki, bank sektorunun cəmi öhdəlikləri bu ilin avqustun 1-nə 48 milyard 689,7 milyon manat, ötən ilin sonunda46 milyard 383,0 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 43 milyard 256,0 milyon manat təşkil edib.