2025-ci ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarda müştəri hesablarının ümumi sayı 51 milyon 71 min 748 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Müştəri hesablarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 239 min 519 ədəd, yəni 16,5%, ötən ilin sonuna nəzərən 3 milyon 792 min 754 ədəd, yəni 8,0%, aylıq müqayisədə isə 721 min 832 ədəd, yəni 1,4% artıb.
Hesabların növləri üzrə ən yüksək artım tempi depozit hesablarında qeydə alınıb. Bu hesabların sayı illik müqayisədə 217 min 306 ədəd, yəni 52,0%, ötən ilin sonuna nəzərən 134 min 52 ədəd, yəni 26,8% artaraq 634 min 738 ədədə çatıb. Kredit hesablarının sayı da illik 16,6% artaraq 10 milyon 645 min 884 ədəd, cari hesabların sayı isə illik 16,1% artaraq 39 milyon 791 min 126 ədəd olub.
Cari hesabların daxili bölgüsünə gəldikdə, ən yüksək artım sahibkarlıqla məşğul olan fiziki şəxslərin hesablarında müşahidə olunub. Onların hesablarının sayı illik müqayisədə 287 min 511 ədəd, yəni 28,6%, ötən ilin sonuna nəzərən isə 168 min 560 ədəd, yəni 15,0% artaraq 1 milyon 291 min 737 ədədə çatıb. Hüquqi şəxslərin cari hesabları illik 18,6% artaraq 414 min 360 ədəd, bütün fiziki şəxslərin cari hesabları isə illik 16,0% artaraq 39 milyon 376 min 766 ədəd təşkil edib.
Xatırladaq ki, cəmi müştəri hesablarının sayı bu ilin iyulun 1-nə 50 milyon 349 min 916 ədəd, ötən ilin sonunda 47 milyon 278 min 994 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 43 milyon 832 min 229 ədəd təşkil etmişdir.