2023-cü ilin III rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmanın azaldığı müşahidə olunub.
FED.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
Yumşalmada azalma hər 3 biznes subyekti üzrə müşahidə edilib. Belə ki, KOS subyektlərinə və mikro sahibkarlıq subyektlərinə verilən kreditlər üzə strandartlarda yumşalma azalıb, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin standartlarında isə sərtləşmə müşahidə edilib. Sorğuya əsasən banklar növbəti rübdə ümumi biznes kreditlər üzrə standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartların daha da sərtləşəcəyini proqnoz edirlər.
on 3 rüb ərzində biznes kreditləri üzrə kredit standartlarına yumşaldıcı və sərtləşdirici təsir göstərən faktorların təsir dərəcəsinin azalması müşahidə edilir.
Son rüb ərzində bankların mövcud və gözlənilən likvidlik mövqeyi biznes kreditləri üzrə standartlara ən çox yumşaldıcı təsir göstərən faktor olub.
Banklarla rəqabətin yumşaldıcı faktor olaraq təsiri azalsa da, ümumi iqtisadi gözləntilər yumşaldıcı faktor olmaqda davam etmişdir. Cari ilin III rübündə maliyyələşmə xərcləri və uçot dərəcəsi gözləntiləri biznes kreditləri üzrə kredit standartlarını sərtləşdirən əsas faktorlar olub.
Əlavə olaraq bankların risk iştahası, inflyasiya gözləntiləri və bankların iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər də sərtləşməyə səbəb olan faktorlardan olub.
Bundan əlavə, son 7 rüb ərzində biznes kreditləri üzrə kredit standartlarına əsas sərtləşdirici təsir göstərən inflyasiya gözləntiləri və uçot dərəcəsinə dair gözləntilərin sərtləşdirici faktor olaraq təsirinin azalması diqqət çəkməkdədir.