Azərbaycanda bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.
"10 ayda valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
T. Kazımov bildirib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. Bu ilin 9 ayında bankların kredit portfeli 14 %, biznes kreditlərin həcmi isə 11 % artıb”.
Baş bankirin sözlərinə görə, biznes kreditləri bankların ümumi kredit portfelinin 54 %-ni təşkil edir: “Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kreditlərin ümumi kredit portfelinin 3,5 %-i səviyyəsinə enib. Bank sektoruna və milli valyutaya inam artıb. Cari ilin 9 ayında manatla olan əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”. (Report)