Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi oktyabrın 1-nə 314,2 milyon manat təşkil edib. Bu seqmentdə artım bütün dövrlər üzrə davam edir.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,5 milyon manat və ya 29% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 243,7 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da diqqət çəkir. Ötən ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 67,9 milyon manat (27,6%) artıb. Son bir ayda isə (sentyabra nəzərən) portfeldə 4 milyon manat (1,3%) artım qeydə alınıb.
Xatırladaq ki, problemli istehlak kreditləri portfeli ötən ilin eyni dövründə 243,7 milyon manat, ötən ilin sonunda 246,3 milyon manat, bu ilin sentyabrın 1-də isə 310,2 milyon manat idi.
Vaxtı keçmiş kreditlərin ümumi istehlak kreditləri portfelindəki payı isə oktyabrın 1-nə 3,4% təşkil edib. Bu göstərici son bir ay ilə müqayisədə dəyişməyib. Lakin ötən ilin eyni dövrü (3,0%) ilə müqayisədə 0,4 faiz bəndi, ötən ilin sonu (2,9%) ilə müqayisədə isə 0,5 faiz bəndi pisləşmə deməkdir.














