Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 797,6 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90,3 milyon manat və ya 12,8% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-nə bankların qeyri-işlək kreditlərinin ümumi həcmi 707,3 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artım tendensiyasını təsdiqləyir. Ötən ilin sonu (655,1 mln. manat) ilə müqayisədə problemli kreditlər 142,5 milyon manat (21,8%) artıb. Aylıq müqayisədə isə (sentyabra nəzərən) portfel 6,4 milyon manat (0,8%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi qeyri-işlək kreditləri ötən ilin eyni dövründə 707,3 milyon manat, ötən ilin sonunda 655,1 milyon manat, bu ilin sentyabrın 1-də isə 791,2 milyon manat təşkil edirdi.
Oktyabrın 1-nə olan məlumata görə, qeyri-işlək kreditlər ümumi kredit portfelinin 2,7%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,6%) ilə müqayisədə 0,1 faiz bəndi artıb (pisləşib). Ötən ilin sonu (2,4%) ilə müqayisədə isə portfeldəki pay 0,3 faiz bəndi pisləşib. Aylıq müqayisədə isə (2,8%-dən) portfelin keyfiyyəti 0,1 faiz bəndi yaxşılaşıb.













