30 iyun 2025-ci il tarixinə “Bank Respublika”nın cəmi aktivləri 2 milyard 658 milyon 382 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 481 milyon 749 min manat və ya 22,1% artım deməkdir.
Bankın aktivlərinin əsas hissəsini – 1 milyard 517 milyon 186 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. İlin əvvəlindən bankın xalis kredit portfeli 51 milyon 916 min manat və ya 3,5% artıb.
Hesabat dövründə bankın nağd pul vəsaitləri 183 milyon 456 min manat və ya 37,7% artaraq 670 milyon manata çatıb.
Ən kəskin artım bankın digər maliyyə institutlarındakı depozitlərində qeydə alınıb. Bu göstərici 164 milyon 314 min manat və ya 4,5 dəfə artaraq 211 milyon 456 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları portfeli isə 63 milyon 840 min manat və ya 2,1 dəfə artaraq 120 milyon 917 min manat olub.
Banklara və digər maliyyə institutlarına verilən kreditlər 6 milyon 247 min manat (23,4%) artaraq 32 milyon 980 min manata, digər aktivlər isə 9 milyon 806 min manat (20,8%) artaraq 56 milyon 927 min manata çatıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın cəmi aktivləri 2 milyard 176 milyon 633 min manat, xalis kredit portfeli isə 1 milyard 465 milyon 270 min manat təşkil etmişdi.