Bütün dünyada və Azərbaycanda yayılan koronavirus pandemiyası və onun qarşısını almaq üçün atılan addımlar bir sıra sahələrdə, indiyədək etibarlı sayılan biznesə təsir edəcək.
FED.az xəbər verir ki, “AccessBank”ın Müşahidə Şurasının üzvü Dariuş Katsprşik bildirib ki, belə sahələrdən biri də ofislərin icarəsidir.
«Koronavirus həyatımızda çox şeyi dəyişdi. Fikrimcə, bəzi dəyişikliklər daimidir və onlar yeni vərdişlərə çevrilərək əbədi olaraq bizimlə qalacaq. Evdən işləmək təcrübəsi insanların peşə fəaliyyətində özünü kifayət qədər effektiv göstərdi. Bu da şübhəsiz ki, ofislərin icarəsi bazarına təsir edəcək»-deyə bankir bildirib.
Həmin sahələrdə risklərin artdığnı bildirən bankirin sözlərinə görə, karantin rejimi pərakəndə ticarətə də təsir edib: «Getdikcə daha çox insan onlayn ticarətə üz tutur. Bu isə kuryer xidmətlərinə olan tələbi artırır. Əksinə, bəzi xidmətlərə tələb isə kəskin şəkildə azalır. Bu səbəbdən onlar risklərinə yenidən nəzər yetirməlidirlər».
D.Katsprşik bildirib ki, biznes və banklar ümumiyyətlə, tamamilə yeni bir mühitə və yeni tələblərə sürətlə uyğunlaşmalıdırlar: «Avtomatlaşdırma, özünə xidmət, mobil bankçılıq və kibertəhlükəsizlik günümüzün əsas «döyüş meydanlarıdır».