İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına əsasən, Tehranda dövlət bankı Bank Mellinin Universitet filialında seyflər oğurlanıb.
Eləcə də bax: “Bank Melli İran”ın Bakı filialı 2021-ci ildə aktivlərini - 7,3% AZALDIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, qonşu binadan bankın divarını deşən oğruların daha sonra onlarla seyfi qarət etdikləri bildirilir. Bank da seyflərdə nə olduğunu bilmədiyi üçün oğurlanmış aktivlərin dəyərini dəqiq hesablamaq mümkün deyil. Təhlükəsizlik əməkdaşı Əli Velipur Quderzi hadisə ilə bağlı ilk araşdırmada səhlənkarlıq edən bir çox bank işçisinin nəzarətə alındığını və hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.
Bank Melli İdarə Heyətinin üzvü Həsən Monisan filialda müştərilərə ayrılmış 250 seyf qutusundan 162-nin sındırıldığını və içlərinin boşaldığını bildirərək, “Təəssüf ki, oğrular qabaqcıl avadanlıq və təchizatlarla binaya daxil olublar” deyib. Monisan seyflərdə təhlükəsizlik sistemlərinin olub-olmadığı sualına cavab belə cavab verib: “Seyflər təhlükəsizlik sistemləri ilə təchiz olunub, lakin mütəxəssislərin fikrincə, filiala daxil olan oğru qrupu sistemləri sıradan çıxara bilib”. Hadisədən zərər çəkən müştərilərə dəyən zərərin ödəniləcəyini bildirən Monisan qeyd edib ki, bütün zərərçəkənlərin təzminatı məhkəmə orqanlarının nəzarəti altında Bank Melli tərəfindən ödəniləcək.
Digər tərəfdən, Mehr Xəbər Agentliyinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi xəbərə görə, həyəcan siqnalı polisə deyil, şöbə müdirinə yönəldilib. Oğrular banka daxil olduqda, siqnalizasiya filial müdirinin mobil telefonuna qoşularaq oğurluq xəbərdarlığı etsə də, filial müdiri xəbərdarlığa məhəl qoymayıb. Müdir xəbərdarlıq siqnalının səhvən işə düşdüyünü düşünüb Çünki daha əvvəl bu sistem səhvən xəbərdarlıq edib. Yəni, xəbərdarlıq telefona göndərilsə də, hadisə öz təsdiqini tapmamışdı.