Azərbaycandakı banklar 2021-ci ilin 8 ayı ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırıblar. Bu, kreditlər və digər aktivlər üzrə mümkün zərər riskinin artdığına işarədir.
Eləcə də bax: Bankların kredit faizləri üzrə gəliri - Artıb
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108,4 milyon manat ayırıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. 2020-cu ilin 8 ayında banklar ehtiyat üçün 31,8 milyon manatlıq ayırma etmişdilər.
108,4 milyon manatlıq ayırma bank sektorunun 644.8 milyon manatlıq əməliyyat mənfəətinin düşməsinə səbəb olub.
Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir. (Marja)