Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin oktyabr buraxılışını dərc edib.
FED.az xəbər verir ki, bülletendə pul-kredit göstəriciləri ilə bağlı şərhlər yer alıb.
Bank sektorunun aktivləri 49,7 mlrd. manata yaxınlaşıb
Bank sektoru
31 oktyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,180 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25,066 (ilin əvvəlindən 6.4% və ya 1,497 əməkdaş) nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49,697.8 mln. manat, cəmi öhdəlikləri 43,254.6 mln. manat, balans kapitalı 6,443.2 mln. manat olmuşdur.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27,080.5 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54% (14,628.1 mln. manat); ıı) istehlak kreditləri – 30.6% (8,277.8 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (4,174.6 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.5%-i və ya 34,373.9 mln. manat. Depozit portfelinin 59.4%-i (20,404.3 mln. manat) hüquqi şəxslərin, 40.6%-i (13,969.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,216.4 mln. manat) milli valyutada, 34%-i (4,753.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8,314.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 14,979.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir.
2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913.7 mln. manat xalis mənfəət, 1,422.4 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Monetar sektor
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.6% artaraq 34,625 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 28.4 mln. manat artaraq 2,626.5 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,139 mln. manatı POS-terminallar, 7.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5.3%, POS-terminalların sayı 30.5% artmışdır.