2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz və onlara bağlı xərcləri 1 milyard 341,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 492,8 milyon manat, yəni 58,1% artım deməkdir.
Xərclərin artımında əsas pay depozitlər üzrə faiz xərclərinin üzərinə düşür. Bu xərclər illik müqayisədə 301,7 milyon manat (47,4%) artaraq 938,1 milyon manat təşkil edib. Onun da tərkibində müddətli depozitlər üzrə xərclər 192,3 milyon manat (35,1%) artaraq 739,5 milyon manat olub.
Bankların maliyyə sektorundan cəlb etdiyi vəsaitlər üzrə xərcləri isə illik müqayisədə 81,0 milyon manat (59,9%) artaraq 216,2 milyon manat təşkil edib.
Ən kəskin artım isə digər faiz xərclərində qeydə alınıb. Bu xərclər illik müqayisədə 110,1 milyon manat (2,4 dəfə) artaraq 186,8 milyon manata çatıb.
Xatırladaq ki, bankların cəmi faiz xərcləri 2024-cü ilin oktyabrın 1-nə 848,3 milyon manat təşkil etmişdir.














