«Bank Avrasiya»nın problemli kreditləri kəskin artıb.
"Bank Avrasiya"nın kredit portfeli kiçilib - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq bankın kredit portfelində ödəniş vaxtı keçən və problemli kreditlərin məbləği artmaqdadır.
Yanvar-sentyabr aylarının nəticəsi olaraq «Bank Avrasiya»nın kredit portfeli 136 milyon 818 min manata çatıb. Bu ilin əvvəli ilə müqayisədə təqribən 350 min manat azdır - – ilin əvvəlində bankın kredit portfeli 137,2 milyon manat idi.
Kredit portfelinin azalmasına baxmayaraq bankır problemli kreditlərində kəskin artım baş verib.
Belə ki, bu ilin əvvəlində «Bank Avrasiya»nın problemli kreditlərinin həcmi 13,9 milyon manat idi, bu məbləğ bankın ümumi kredit portfelinin 10,1 faizini təşkil edirdi.
İlini əvvəlində problemli kreditlərin 5,2 milyon manatı kənd təsərrüfatının, təqribən 2 milyon manatı xidmət sektorunun, 3,5 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşürdü.
3-cü rübün sonunda isə «Bank Avrasiya»nın problemli kreditləri 24 milyon manatı keçib, daha dəqiqi bu məbləğ 24,5 milyon manata çatıb. Başqa sözlə, hazırda «Bank Avrasiya»nın kreditlərinin təqribən 18%-i «qırmızı zona»dadır.
FED.az-ın əldə etdiyi məlumata görə, bankın problemli kreditlərinin 8 milyon manatı sənayenin, daha dəqiqi emal sahəsinin payıına düşür. İlin əvvəlindən bəri sənayedəki problemli kreditlər 3,5 dəfə artıb – ilin əvvəlidən bu rəqəm 2,3 milyon manat idi.
Kənd təsərrüfatındakı problemli kreditlər də 1,6 milyon manat və ya 30% artaraq 6,8 milyon manata yüsəlib.
Eləcə də bu il bankın ticarət sektoruna verdiyi kreditlər də birdən-birə axsamağa başlayıb – ilini əvvəlində bu sahədə 100 min manata çatmayan problemli kreditlər hazırda 25 dəfə artaraq 2 milyon 554 min manata yüksəlib.
Nəhayət bankın istehlak kreditləri də 1 milyon manat artaraq 5 milyon manata yaxınlaşıb.
FED.az-ın əldə etdiyi məlumata görə, bankın problemli kreditlərinin böyük hissəsi - 13 milyon manatdan çoxu, Bakı şəhərinin payına düşür.
Ümumiyətlə, «Bank Avrasiya»nın kredit portfelinin böyük hissəsi – 136,8 milyon manatlıq kreditlərin 116,5 milyon manatı (85%-i) Bakı şəhərində verilib.
Bakıdan sonra bankın ən çox kredit ayırdığı rayonr Naftalandır (6,6 milyon manat). Amma rəqəmlərdən aydın olur ki, «Bank Avrasiya» Naftalana ayırdığı kreditlərdən bir xeyir görməyib – 6.6 milyon manat kredit demək olar ki, bütünlüklə, daha dəqiqi onun 6,4 milyon manatlıq hissəsi problemlidir. Bakıdan sonra ən böyük problemli kreditlər də Naftalandadır.
Bankın daha çox kredit ayırdığı digər bölgələr Sumqayıt (3,2 milyon manat), Tərtər (1,7 milyon manat) və Abşeron rayonudur (1 milyon manat).