Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 708 əmanətçiyə 566 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
FED.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 6-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 205,15 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4403 əmanətçiyə 88,8 milyon manat, "NBC Bank" üzrə isə 4065 əmanətçiyə 116,35 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 6-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 361 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5673 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,43 milyon manat, "Ata Bank" üzrə 9567 əmanətçiyə isə 223,61 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.