Azərbaycanda bağlanan son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.
Bu barədə FED.az Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib.
Qeyd olunub ki, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBC Bank"ın cəmi 8432 əmanətçilərinə 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 %-i), iyunun 1-dən bu günə kimi isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrahbank" və "Ata Bank"ın toplam 15 212 əmanətçilərinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 %-i) kompensasiya ödənişi həyata keçirilib.
Mart ayından ölkədə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda Fond və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alınaraq, Fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumilikdə əmanətçilərin toplam 560 mln. manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilib.