Bu ilin iyunun 16-dan noyabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 206,76 mln. manatdan çox kompensasiya ödənilib.
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalaması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 404 əmanətçiyə 88,80 mln. manat, "NBCBank" üzrə isə 4 068 əmanətçiyə 117,96 mln. manat kompensasiya verilib.
İyunun 1-dən noyabrın 6-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 362,41 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 675 əmanətçiyə ödənilən məbləğ 137,43 mln. manat, "Atabank" üzrə isə 9 577 əmanətçiyə 224,97 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, noyabrın 10-na 23 724 əmanətçiyə bu məbləğin 569,18 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 84,2%-i təmin olunub.