Azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyevə qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti “Morgan Stanley”də rəhbər vəzifə verilib.
FED.az xəbər verir ki, 29 yaşlı həmyerlimiz qlobal investisiya bankının Frankfurtdakı nümayəndəliyində Likvidliyin tənzimlənməsi üzrə direktor kimi işə başlayıb.
Təyinatla bağlı qərar iki gün öncə verilib.
Bakının Bilgəh kəndində anadan olan Hüseyn Əliyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Nyukasl Universitetində Beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. O, Beynəlxalq maliyyə qurumu CFA İnstitutunun rəsmi üzvüdür. Bu təyinatından öncə isə digər qlobal investisiya bankı olan “Goldman Sachs”da Xəzinədarlıq və likvidlik risklərinin idarə olunması şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.
Qeyd edək ki, “Morgan Stanley” bankı 1935-ci ildə yaradılıb. Mərkəzi ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən nəhəng maliyyə təşkilatı bir çox ölkədə fəaliyyət göstərir.(Qafqazinfo)